Geely konserninə məxsus olan və əsasən hibrid avtomobilləri istehsal edən Lynk & Co markası üçün sözün əsl mənasında “ertəsi gün” gəlir: Çin şirkəti yeni dizayn erasını açan The Next Day konseptini təqdim edib.

Şou-kar dördqapılı qran turerdir və onun bütün qapıları yuxarı, arxa qapıları isə, eyni zamanda, hərəkət istiqamətinin əksinə açılır - bu, Çin brendi üçün qeyri-standart həlldir. Lakin güc qurğuları baxımından Lynk & Co özünə sadiq qalıb: adi və plagin hibrid versiyalar elan edilib.

The Next Day konsepti brendin yeni firma dizayn üslubunu nümayiş etdirir: avtomobillərin dizaynı daha aqressiv və futuristik olacaq, eyni zamanda, müxtəlif detallarla yüklənməyəcəkdir. Lakin bunu konseptə baxarkən söyləmək mümkün deyil.

O, yuxarıya doğru açılan dörd qapıya, aqressiv dizaynlı bamperlərə və arxa diffuzorun forması ilə harmoniya təşkil edən qeyri-adi formalı hava girişlərinə malikdir. Ön bamperdə sensorlar və lidarın gizləndiyi hərəkət edən panel var. Aerodinamik təkər diskləri və aktiv spoyler də bəyan edilib.

İnteryerdə iki ekran var və onlardan biri qeyri-standart formalı sükan çarxına quraşdırılıb. Dam tamamilə şüşədəndir (tavana təsvir proyeksiya etmək olar), orta sütunlar yoxdur, salon isə, dörd nəfər üçün nəzərdə tutulub.

Car News China nəşrinin bildirdiyinə görə, The Next Day bütün güc qurğuları hibriddir. Güc qurğuları öndə quraşdırılan güclü daxili yanma mühərrikindən və arxa oxda yerləşdirilmiş elektrik mühərriklərindən ibarətdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Konsept ya kiçik batareyası olan klassik hibrid, ya da məişət elektrik şəbəkəsinə qoşulan plagin hibrid ola bilər. İkinci halda, elektrik dartması ilə WLTP dövrünə əsasən 60, 100 və ya 150 kilometrlik yürüş ehtiyatını təmin edən üç batareya variantı var. Yerindən ilk “yüzlüyə” sürətlənmə vaxtı “beş saniyədən azdır”.

The Next Day konseptinin seriya modelinə çevrilməsi şansı çox azdır. Lakin yaxın gələcəkdə Lynk & Co markasının MPV seqmenti də daxil olmaqla dörd hibrid yeniliyi təqdim edəcəyi məlumdur. Onlardan birinin təqdimatı bu il, qalan üçünün isə 2023-cü ildə keçirilməlidir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.