Gec də olsa, Lynk & Co şirkəti əvvəllər Volvo şirkətinin yalnız 60 və 90 seriyasından olan modellər, eləcə də kiçik seriya ilə buraxılan Polestar 1 kupesi üçün istifadə olunan “böyük” SPA (Scalable Product Architecture) modul platformasına müraciət edib. Bu günə qədər Lynk & Co markasının buraxdığı modeellər daha sadə CMA və BMA platformalarına əsaslanırdı. SPA şassisində qurulacaq ilk modelin buraxılması 2020-ci ilə planlaşdırılsa da, ancaq pandemiya səbəbindən təxirə salınmışdı. Bu şassidə inşa edilən ilk model iri Lynk & Co 09 krossoveri olacaqdır.
Avtomobil haqqında məlumat çox azdır. Şirkət nümayəndələri onu kiçik hissələr ilə təqdim etməyə üstünlük verirlər. Məsələn, ilk tizerlər aprel ayında Şanxay avtosalonu keçirilən günlərdə ortaya çıxmışdılar. Avtomobilin ölçüləri hələlik yayımlanmayıb, lakin onun uzunluğunun təxminən beş metr olacağı aydındır. Bir sözlə, Lynk & Co 09 modeli Volvo XC90 krossoverinin ən yaxın analoqudur.
“09” ikimərtəbəli ön optikası olan markanın korporativ dizayn üslubunu inkişaf etdirir, lakin bu dəfə radiator barmaqlığı əvvəlkindən daha böyük olub və “daha aqressiv” hala gətirilib. Bu krossover geri çəkilən qapı tutacaqları və üçüncü oturacaq cərgəsinə sahib olan ilk Lynk & Co seeriya modelidir. Hələlik krossoverin interyer şəkilləri dərc edilməyib.
Lynk & Co 09 modeli 48 voltluq startyor-generatoru olan eninə yerləşdirilən 2,0-litrlik turbomühərrik, səkkiz pilləli “avtomat” və əsas ön ötürmə ilə təchiz ediləcəkdir. İlkin versiyada mühərrik təxminən 220 at qüvvəsi hasil edəcəkdir, lakin tam ötürməli versiya üçün (arxa oxda BorgWarner muftası ilə) mühərrikin gücü 252 at qüvvəsinə qədər artırılıb. Eyni zamanda, model çeşidinə arxa oxda əlavə elektrik mühərriki olan hibridlər (adi və yenidən doldurula bilən) daxil ediləcəkdir. İlkin məlumata görə, top versiyanın gücü təxminən 430 at qüvvəsi olacaqdır.
Lynk & Co 09 krossoveri yaxın aylarda seriya modelinə çevriləcəkdir. Yeri gəlmişkən, marka modellərinin nömrələnməsində 04, 07 və 08 indeksləri əskikdir. “Dörd” rəqəmi dəqiq modeel sıransınsa görünməyəcəkdir: Çində bu rəqəm uğursuz sayılır. Ancaq “yeddi” və “səkkiz” SPA platformasında inşa edilmiş orta ölçülü avtomobillər şəklində görünə bilərlər.