Lyosell (ing. Lyocell) – onu həm də “Tensel" (ing. Tencel) adlandırırlar. Görünüşündən ipəyə bənzəyir, pambıq kimi təbii və atlas kimi dözümlüdür. Bəs bu möcüzəvi parçanı niyə hələ də Azərbaycanda tanımırlar?

Fəşn stilistlər uzunömürlü, orqanizmə zərər verməyəcək, yaxşı nəm udma xüsusiyyətləri olan parçalardan geyimlər məsləhət görürlər. Yun, pambıq, kətan, ipək kimi materiallar ilk yerlərdə dayanır. Lakin, bu materialların üstünlüyü ilə yanaşı çatışmazlıqları da var. 

Uzun illərdir ki, kimya sənayesi təbii materiallara bənzər, lakin onların mənfi cəhətləri olmayan yeni süni və sintetik materiallar yaratmağa çalışır. 

Süni parçalar kimyəvi sintez yolu ilə təbii materiallardan, ən çox da ağac sellülozundan alınan polimerlərdən istehsal olunur. Sintetik parçalar isə neft, kömür və təbii qaz məhsulları kimi qeyri-üzvi polimerlərdən yaradılmış süni liflərin kimyəvi sintezi ilə yaradılır.

1988-ci ildə Courtaulds Fibres şirkətinin alimləri evkalipt ağacından Rayon (Viskoz) materialının yeni növünü yaratmağa müvəffəq oldular. O, Lyosell adlanır və bu ad onun təbii sellülozdan olduğunu göstərir. 

İlk eksperimental müştərilərin yüksək dəyərləndirmələrindən sonra bu materialın istehsalı tam gücü ilə işləməyə başladı. Lakin, material baha olduğu üçün geniş yayılmır. Son illərdə bu vəziyyət dəyişir. İstehsal həcmləri artıqca, parçanın maya dəyəri və satış qiyməti düşməyə başlayır.  

İlk zamanlar bu parçadan qadın geyimlərini istehsal etmək planlaşdırlırdı. Ancaq materialın aşınmaya çox dayanıqlı olması, ondan örtük, yataq dəstləri, hətta avtomobil filtrləri və nasoslar üçün istifadəsinə yol açdı.

Lyosell parçadan qadın geyimləri

Lyosell təbii liflərin bütün üstünlüklərinə malikdir. Ondan hazırlanan məhsulların təbii materiallardan yaradılan məhsullarla ciddi rəqabət edə biləcəyi proqnozlaşdırılır. Lyoselldən hazırlanan parçalar yumşaq, zərif və ipək kimi bir az parlaq, yun kimi isti, pambıq kimi yüngüldür. Lyosellin lifləri yun və ya pambıqdan daha yumşaq bir səthə malikdir, ipək kimi sürüşmür, pambıqdan daha elastik, 2 dəfə daha çox hiroskopik (nəm udma xüsusiyyəti) və 30% daha yüksək hava keçirmə qabiliyyəti var. Yüksək nəm udma nisbətinə malikdir. Nəm olduqda viskozdan üç dəfə güclü və pambıqdan dəfələrlə möhkəmdir. Bir sözlə, təbii parçalarla müqayisədə daha davamlıdır.

Onun ipək kimi parıltısı var. Pambıq parça kimi yumşaqdır, toxunduqda xoş hisslər verir. İsti havalarda isə dəriyə toxunuşu sərinlik hissi yaradır. Hətta, bəzi xüsusiyyətlərinə görə təbii materiallardan daha üstündür. İstidə sərin saxlayır, soyuqda isə bədən istiliyini qoruyur.

Lyosell parçadan kişi geyimləri

Lyosell həm də vizkos kimi antiallerqikdir. Bu xüsusiyyətlərinə görə tibbdə geniş istifadə olunur. Lyoselldən corab, alt paltarı, şalvar, köynək, don, kostyum və digər geyim növləri hazırlamaq mümkündür. Bu xüsusiyyətlərinə görə bu materialdan həmçinin uşaqlar üçün geyimlər və yataq dəstləri də hazırlanır.

Bütün üstünlükləri ilə yanaşı, bu materialın istehsalı ekolojidir və ətraf mühitin qorunması üçün atılan addımlardan biridir.

Lyosell ilə bir neçə il öncə rastlaşmışdım. Onun haqqında məlumat topladıqdan və istifadə etdikdən sonra məhz ona marağım çox artdı. Qarderobumda olan Lyosell tərkibli geyimlər bu materialın həqiqətən fantastik olmasını sübut edir. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.

Lyocell/Tensel: həyatınızı dəyişdirəcək parça