Dongfeng konserninin M-Hero markası yeni X700 modelinin salonunu təqdim edib. Avqust ayında Çendu avtosalonunda nümayiş olunan avtomobilin həmin vaxt yalnız eksteryeri göstərilmişdi.
İndi isə istehsalçı beşyerlik salonun əsas xüsusiyyətlərini açıqlayıb və Çində ilkin sifarişlərin qəbulunun başlanacağı tarixi elan edib.
M-Hero X700 çərçivəli konstruksiyadan imtina edərək aparıcı kuzova keçib. Bununla belə, model markanın digər avtomobillərinə xas brutal dizaynı qoruyub. Avtomobil 5035 millimetr uzunluğa, 1999 millimetr enə və 1890–1910 millimetr hündürlüyə malikdir.
Salonun əsas diqqətçəkən elementləri 15,6-düymlük iki ekranlı multimedia sistemi, proyeksiya ekranı və Huawei Sound audio sistemidir. Sonuncu 21 dinamiklə təchiz olunub. Avtomobilin elektron sistemlərinin böyük hissəsini də Huawei təmin edir.
X700 plug-in hibrid kimi satışa çıxarılacaq və iki versiyada təklif olunacaq. Hər iki variant 1,5-litrlik turbomühərriklə təchiz edilsə də, iki güc variantı nəzərdə tutulub - 129 və ya 154 at gücü. Modelin maksimal sürəti 180 km/saat olacaq.
Avtomobil 51,46 və 68,1 kilovat/saat tutumlu batareyalarla təklif edilə bilər. İlkin məlumatlara görə, X700 sırf elektrik enerjisi ilə 228–285 kilometr məsafə qət edə biləcək. Çində ilkin sifarişlərin qəbuluna 28 sentyabrda başlanacaq.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









