Artıq məlumdur ki, 2021-ci ildə işıq üzü görəcək Macan modelinin yeni nəsli yalnız elektrik güc aqreqatı ilə təchiz ediləcəkdir. Benzin mühərriki ilə təchiz edilmiş cari versiya isə, elektrokarla paralel olaraq bir müddət satılacaqdır.
Bununla belə, elektrik Macan krossoverini başqa yeniliklər də gözləyir. Bu barədə Hollandiyanın AutoRAI nəşrinə tədqiqatlar və işləmələr sahəsinə nəzarət edən Porsche AG şirkətinin direktorlar şurasının üzvü Mixael Ştayner məlumat verib. O, elektrik və benzin mühərrikli Macan modellərinin bir müddət paralel satılacağını təsdiqləyib.
Bu yanaşma, benzin mühərrikli Macan modelini almaq istəyənlərə yaradılan bir imkandır. Eyni zamanda, Porsche elektrik modellərinin adlandırılmasının yeni variantlarını axtaracaqdır, çünki, turbokompressoru olmayan avtomobili Turbo adlandırmaq bir qədər məntiqdən uzaq olardı.
Lakin, iş elektromotora keçməklə bitməyəcəkdir. Ştayner şirkətin Macan modelinin iki variantı üzərində düşündüyünü də bildirib. Bunlardan biri Porsche Cayenne Coupe modelinin üslubunda olan kupe-kross, digəri isə, bazası uzadılacaq krossoverdir. Hər ikii variantın maraqlı olduğu söylənilsə də, bu barədə son qərar hələlik verilməyib. Kupe-kross versiyasının təklif edilməsi model xəttinin genişləndirilməsi nöqteyi – nəzərindən məntiqlidir.
Uzunbazalı Macan isə, çox güman ki, çinli alıcılara tərəf edilmiş bir reveransdır. Məlumdur ki, Çində belə modifikasiyaları çox sevirlər. 2018-ci ildə Porsche Çində 80108 avtomobil satıbdır ki, bu da alman markası üçün ikinci əhəmiyyətli bazar sayılan ABŞ bazarında satılandan 23 min avtomobil çoxdur.