Dördqat dünya çempionu Sebastyan Fettel Macarıstan Qran Prisində qələbə çalaraq pilotlar çempionatındakı liderliyini möhkəmləndirib. Onun komanda yoldaşı Kimi Rəykkonen ikinci yerdə finiş görərək italyan komandasına dubl gətirib.

Startda Ferrari pilotları yerlərini qoruyub-saxlamağa müvəffəq olublar. Valtteri Bottas Rəykkonenə hücum etsə də, bu cəhdi nəticəsiz qalıb.

Bunun əksinə olaraq, Həmilton yenə də yaxşı start ala bilməyib və Red Bull pilotları tərəfindən keçilib. Lakin, ikinci döngədə əyləcləmədə səhvə yol verən Ferstappen komanda yoldaşı Daniel Rikkardonu vuraraq trekdən çıxarıb. Rikkardo yarışı tərk etsə də, Maks yarışa davam edib. Nə hikmətdirsə, Avstriya Qran Prisindəki sözlərindən sonra Danielin bəxti heş gətirmir. Sanki, o podiumu qələbədən üstün tutaraq idman tanrılarını qəzəbləndirib.

Bu hadisədən sonra trekə təhlükəsizlik avtomobili çıxıb və beşinci dövrəyə kimi peletona başçılıq edib.

Restartdan sonra pilotların mövqeyində dəyişiklik olmayıb: Fettel Rəykkonendən aralanmağa başlayıb, Bottas isə Ferrari pilotlarının tempinə ayaq uydura bilməyib. Həmilton Ferstappenə hücum etsə də hollandiyalı pilotu keçə bilməyib. Sonuncunun 10 saniyəlik cəza alması Lyuisi bir qədər rahatladıb.

On dövrə ərzində yarış stabilləşib və Hunqarorinqə xas olan sakit ritlmə keçib.İlk pit-stop 30-cu dövrədə Bottasdan gəlib. Fin pilotdan bir dövrə sonra Həmilton pitə yollanıb.  Fettel və Rəykkonen də bir dövrə fərqlə pitə giriblər. Pit-stopdan Kimi Fettelin arxasında çıxıb. 

Pit-stopdan sonra Fettel tempi artıra bilməyib. Alman pilot sükan idarəetməsi ilə problem yaşayıb və bu səbəbdən də döngələrdə hücum etməkdən çəkinib. Kimi Sebastyandan sürətli olduğunu bildirərək komandadan Fettelə onu irəli buraxmasını istəyib.Lakin, Ferrari komandasının rəhbərliyi belə əmr verməyib.  Ferrari komandasının əksinə Mercedes rəhbərliyi Bottasdan Lyuisi irəli buraxmağı tələb edib.

Hətta, Lyuisin qarşısına şərt də qoyulub - o Kimini ötə bilməsə mövqeyi Bottasa qaytarmalı idi. 50-ci dövrədə Kiminin DRS zonasına yaxınlaşan Lyuis 10 dövrə ərzində real hücum şansına malik olmayıb.

Finişə 10 dövrə qalmış Fettel tempi artırıb, Həmilton isə şinlərlə problem yaşamağa başlayıb. 

Gərginlik son dövrələrə qədər qorunub-saxlansa da ilk üçlükdə heç bir dəyişiklik olmayıb.

Son döngədə Lyuis üçüncü yeri Bottasa qaytarıb. Günün qəhrəmanı isə McLaren komandasının ispan pilotu Fernando Alonso olub. İspaniyalı altıncı yerdə finiş görüb.

İkiqat dünya çempionu real mübarizədə Toro Rosso pilotu Karlos Saynsı üstələyib və yarışın sonunda ən sürətli zamana imza atıb.

Fernandonun komanda yoldaşı Stoffel Vandorn onuncu yerdə finiş görüb. Force India komandası da tam tərkibdə yarışı xal zonasına bitirib. Peres səkkizinci, Okon isə doqquzuncu olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt