Volvo şirkətinin Macarıstan nümayəndəliyi təsadüfi olaraq yeni yığcam XC40 krossoverinin seriya variantının fotoşəkillərini dərc edib. Sonradan şəkillər nümayəndəliyin saytından silinsə də, internet istifadəçiləri onları köçürməyə imkan tapıblar.
Modelin dizaynı praktiki olaraq 40.1 prototipimim eksteryerini təkrarlayır. Seriay modeli başqa bamperlərə, radiator barmaqlığına və təkər disklərinə sahib olub. Krossoverin interyeri də isveç markasının digər modellərinin dizayn ülubunu xatırladan tərzdə tərtib edilib. Krossoverin şaquli sensorlu displeyi olan Sensus multimedia, həmçinin 60 və 90 seriya modellərindən alınmış təhlükəsizlik və yardım sistemləri ilə təchiz ediləcəyi məlumdur.
Volvo XC40 modelinin interyerində induksion doldurulma funksiyasına malik olan smartfon yuvasını, kredit kartları və park kartları üçün ön paneldə quraşdırılan slotları, həmçinin mərkəzi tonneldə zibil üçün nəzərdə tutulan çıxarılan qutuları yerləşdiriblər. Əlavə olaraq, mərkəzi dirsəkaltında əl kağızı bağlaması üçün bölmə, əlcək qutusunda isə kiçik çanta və qida paketləri üçün yerlər nəzərdə tutulub.
Mühəndislər qapılardan dinamikləri yığışdıraraq sabvuferi ön panelə keçiriblər. Nəticədə, qapılarda iri bölmələr vardır ki, onlara da noutbuk, planşet və ya iri su şüşələrini yerləşdirmək mümkündür. Oturacaqların altında da xırdavat üçün qutular nəzərdə tutulub. Arxa cərgə elektrik ötürməsinin köməyi ilə rəvan döşəmə şəklində qatlanacaq, baqaj bölümündə isə ikiqat döşəmə və paketlər üçün qarmaqlar mövcud olacaqdır.
Volvo XC40 modelinin seriya variantının Volvo şirkətinin Geely şirkəti ilə birgə hazırladıqları CMA (Compact Modular Architecture) adlı modul platformasında yığılacağı da məlumdur. Avtomobilin 1,5-litrlik turbomühərrik və hibrid güc qurğusu ilə təchiz ediləcəyi istisna edilmir.
Volvo XC40 modelinin istehsalı Belçikada təşkil olunacaqdır.