Keçən həftə Zandvort avtodromunda keçirilən DTM çempionatının növbəti mərhələsinin ulduz qonağı var idi - bu Red Bull Racing komandasının gənc pilotu Maks Ferstappendi.

Ferstappen burada iştirakından çox məmnun idi. Bu onun əhval-ruhiyyəsindən açıq-aydın görünürdü -  o imzalar paylayır, fanatları ilə çoxsaylı görüşlər keçirirdi. Günün sonunda isə, Maks qaliblərə kuboklarını da təqdim etmişdi. 

Verdiyi çoxsaylı müsahibələrin birində o belə söyləmişdi: "Zandvort həqiqətən avtomobil idmanında yaxşı tarixçəsi olan maraqlı treklərdən biridir. Hətta, mənim də burada gözəl xatırələrim vardır". 

2014-cü ildə Şimal dənizinin Hollandiya sahillərində yerləşən bu trekdə Maks Ferstappen Formula 3 çempionatının növbəti mərhələsində iştirak etmişdi. Bir il sonra isə, Maks Ferstappen artıq Formula 1 çempionatında debüt edərək, onun tarixindəki ən gənc pilotlarından biri olmuşdur. 

"Formula 3 çempionatında çıxış edərkən mən Norisrinqdəki mərhələni buraxmışdım, - Maks bildirib. - Həmin vaxt mən DTM yarışına baxırdım və yarış çox maraqlı keçirdi. Yalnız menecerimin zəngi mənə bu həyəcanlı yarışa baxmağa mane oldu.

DTM əla çempionatdır. Pilotlar arasında fərq çox azdır və nəticələr də hər həftəsonu fərqli ola bilər. Mən evdə olarkən mütləq  DTM  yarışlarını izləyirəm. Bu yarışlara  baxarkən həzz almamaq mümkün deyil". Gənc ulduz Mercedes-Benz komandasının çempionatı tərk etməsi  barədə də danışıb.

"Mercedes komandasının "təqaüdə" çıxması əsil biabırçılıqdır. İnanıram ki, məsuliyyətli insanlar bu problem üzərində işləyirlər. DTM çempionatının fəaliyyətini dayandırması əsil fəlakət olardı".

Image alt Image alt Image alt Image alt Image alt Image alt