Bu il Red Bull Racing komandası Ford şirkəti ilə əməkdaşlığa başladığını elan edib. 2026-cı ildən başlayaraq, amerikan brendi məşhur Avstriya komandasını hibrid güc qurğuları ilə təmin edəcək. Onların texniki əməkdaşlığı rəsmi olaraq bir neçə ildən sonra başlasa da, amerikan istehsalçısı artıq marketinq fəaliyyətlərində Formula 1 çempionu Maks Ferstappen və onun komanda yoldaşı Serxio Peresdən fəal şəkildə istifadə edir.
Hollandiyalı və meksikalı asfalt treklərə öyrəşmiş olsalar da, bu dəfə onlar Ford Bronco Raptor ofrouderi ilə torpaq yolları və qayalı dağ çığırlarını qət etməli olublar.
Ofrouder 424 at qüvvəsi və 597 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 mühərriki ilə təchiz edilir, onun ciddi şəkildə yenidən işlənmiş asqısı isə, hətta dərəli-təpəli yollarda ofrouderin bütün dinamik potensialından istifadə etməyə imkan verir.
Formula 1 üzrə üçqat dünya çempionu və onun komanda yoldaşı bunu şəxsən sınaqdan keçiriblər. Torpaq yolda sürətli dövrə vurmazdan öncə, onlar əvvəlcə ofrouderlə qayaların üzərinə dırmaşıblar, sonra isə, Ford şirkətinin Texasdakı Bronco Off-Roadeo meydançasında keçirilən qeyri-adi yarışda iştirak ediblər.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.