Layihələrinin əksəriyyəti alman avtomobillərinə əsaslanan Manhart tüninq atelyesi iki Audi modelinin təkmilləşdirilməsi proqramını təqdim edib. Söhbət RS 3 modelinin son nəslindən - həm sedan, həm də beşqapılı hetçbek kuzovlu Sportback versiyasından gedir. Atelye mütəxəssisləri onsuz da zəif olmayan avtomobilləri daha da güclü ediblər. Üstəlik, buna nisbətən kiçik dəyişikliklər sayəsində nail olunub, odur ki, RS 3 modellərinin sonrakı tüninqi üçün imkan da var.

Son nəsil Audi RS 3 modeli ənənəvi beşsilindrli benzin turbomühərriki ilə təchiz edilir. 2,5-litrlik turbomühərrik 400 at qüvvəsi və 500 Nm fırlanma anına malikdir. Təkcə MHtronik Powerbox idarəetmə bloku sayəsində tüner mühərrikin gücünü 500 at qüvvəsinə qədər artırmağa müvəffəq olub.

Hələlik hazır Manhart RS3 500 avtomobilləri yoxdur, lakin kompüter təsvirlərində eksteryerdəki dəyişikliklərin miqyasını qiymətləndirmək olar - tüninq atelyesi yeni bamperləri və təkər tağlarının genişləndiricilərini, həmçinin kuzov üçün ənənəvi qızılı stikerlər dəstini hazırlayıb. Yeni 20-düymlük Concave One təkər diskləri də nəzərdə tutulub.

Image alt Image alt Image alt Image alt

Mühərrikin gücünü artırmaqla yanaşı, Manhart Audi RS 3 sahiblərinə klirensi azaldan yeni asqını və paslanmayan poladdan buraxılış sistemini təklif edir. Təkmilləşdirmələr dəstinin qiyməti açıqlanmır, lakin tüninq dəstlərinə sifarişlər artıq qəbul edilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.