Alman avtomobillərinin təkmilləşdirilməsi ilə məşhurlaşmış Manhart tüninq atelyesi qəfildən öz fəaliyyət sahəsini genişləndirmək qərarına gəlib. Alman mütəxəssislərinin təkmilləşdirdiyi Nissan Patrol Nismo ofrouderinin ardınca Manhart atelyesi nəzərlərini okeanın o tayına yönəldib və Tesla Model 3 elektrokarı üçün tüninq proqramını hazırlayıb. Doğrudur, sedanın baza versiyasına müdaxilə minimal səviyyədədir.
Əgər daxili yanma mühərrikləri olan avtomobillərdə Manhart güc qurğusunun hasilatının artırılmasına üstünlük verirdisə, elektromobildə bunu həyata keçirmək mümkün olmayıb. Səbəb isə məlumdur – zavodda elektrokarların proqram təminatına müdaxilə ehtimalı əngəlləndiyi üçün, texniki baxımdan Tesla Model 3 dəyişməz qalıb.
Performance versiyası ümumilikdə 490 at qüvvəsi hasil edən iki elektrik mühərrikinə malikdir. Tünerin fikrincə, elektromobildə edilən dəyişikliklər ona yeni adın - Manhart TM3 510 adının verməsli üçün kifayətdir.
Vizual olaraq, Manhart tərəfindən təkmilləşdirilmiş Tesla elektrokarını adi elektrokardan karbon lifindən hazırlanmış təvazökar ön splitteri və arxa spoyleri, kuzovdakı qırmızı-boz stikerlər, klirensi azaldan H&R yayları və 21-düymlük Manhart Barracuda təkər diskləri sayəsində ayırd etmək olar.
Tüninq atelyesinin mütəxəssisləri müştərinin arzusu ilə daha səmərəli əyləc sistemini quraşdırmağa, daxili tərtibat və dekoru dəyişdirməyə hazırdırlar. Bununla belə, Manhart atelyesinin nümayiş etdirdiyi Tesla Model 3 elektrokarının salonunda dəyişikliklər yoxdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.