Məşhur alman tüninq atelyesi olan Manhart firması yaranmasının 30 illik yubileyini qeyd edir. Təntənəli tarixi layiqincə qeyd etmək üçün, tüninq atelyesi BMW M2 "qaynar" kupesinin təkmilləşdirilmiş variantını hazırlamışdır. Atelye mütəxəssislərinin əlindən çıxmış avtomobil Manhart MH2 630 adını almışdır. Adından da anladığınız kimi, kupe 630 at qüvvəsi gücü olan mühərriklə təchiz edilmişdir.
Belə heyranedici nəticəni əldə etmək üçün alman atelyesinin mütəxəssisləri balaca hiyləyə əl atmışdırlar: onlar 365 at qüvvəsinə malik olan standart 3,0-litrlik altı silindirli N55 mühərrikini, M3/M4 modelində quraşdırılan S55 mühərriki ilə əvəzləmişdirlər.
Bildiyimiz kimi, M3/M4 modellərində quraşdırılan 3,0-litrlik altı silindirli mühərrik 431 at qüvvəsinə və 550 Nm fırlanma anına malikdir. Manhart Performance mütəxəssilərinin müdaxiləsindən sonra mühərrikin gücü 630 at qüvvəsinə qədər yüksəldilmişdir.
Bununla belə, atelye nümayəndələri buna hansı yolla nail olduqları haqqında məlumat verməkdən imtina etmişdirlər. Çox güman ki, onlar yeni turbokompressorlardan və proqram təminatından istifadə etmişdirlər.

630 at qüvvəli Manhart MH2 630 kupesi unikal "qızılı" Sunburst Gold Metallic rənginə boyanmış və 19-düymlük xüsusi təkər diskləri ilə təchiz edilmişdir.Qara rəngli təkər disklərinin millərinin arasından əyləc mexanizmlərinin qızılı rəngli supportlar açıq-aydın görünür. Bundan başqa, kupe karbondan hazırlanmış xüsusi aerodinamik kuzov dəstini əldə etmişdir. Təsdiq edilməmiş məlumatlara əsasən kupe beş nüsxəlik tirajla istehsal ediləcəkdir və 100 min avronun üstündə olan qiymətlə satılacaqdır.