Əsasən alman avtomobillərinin tüninqi üzrə ixtisaslaşmış Manhart atelyesi yeni nəsil Land Rover Defender ofrouderini təkmilləşdirməyi təklif edir. Alman tüner V6 mühərriki olan ofrouderi V8 mühərrikli zavod versiyasının rəqibinə çevirməyə, eyni zamanda avtomobilə eksklüziv görünüş bəxş etməyə və onun interyerini yenidən işləməyə hazırdır. Bundan əlavə, həm asfalt yollar, həm də yolsuzluq üçün versiya arasında seçim etmək olar.
Manhart mütəxəssislərinin müdaxiləsindən sonra DP 500 adını almış ofrouder yeni radiator barmaqlığı və bamperlər, genişlənmiş təkər tağları və aşağı profilli şinləri olan 24-düymlük Forgen Line diskləri ilə seçilir. Ancaq düz yollardan kənara çıxmağı planlaşdıranlara daha aqressiv şinləri olan 22-düymlük Concave One diskləri təklif olunur.
Layihənin əsası olan Land Rover Defender 110 P400 modifikasiyası 400 at qüvvəli 3,0-litrlik V6 benzin mühərriki ilə təchiz olunur. Yeni idman buraxılış sisteminin və yenidən proqramlaşdırılmış idarəetmə blokunun quraşdırılması sayəsində mühərrikin gücü 505 at qüvvəsinə qədər artırılır. Digər texniki təkmilləşdirmələr arasında gücləndirilmiş əyləc mexanizmləri də var.
Salonun təkmilləşdirilməsi ya sadəcə zavod üzlüyünü dəri və alkantara kombinasiyasına dəyişdirməklə, ya da Recaro firmasının qızdırılma və havalandırma funksiyası, habelə inteqrasiya edilmiş təhlükəsizlik yastıqları olan ErgoMed oturacaqlarını quraşdırmaqla həyata keçirilə bilər. Manhart atelyesi tüninq proqramının dəyərini açıqlanmır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.