BMW modellərinin tüninqi üzrə ixtisaslaşmış Manhart atelyesi Toyota GR Supra kupesi üçün hazırladığı tüninq proqramını təqdim edib. Yeni proqram GR 450 adlanır. Tüninq proqramı mühərrikin yeni idarəetmə blokunun, yeni asqı sisteminin və 20-düymlük təkər disklərinin quraşdırılmasını nəzərdə tutur. Məlum məsələdir ki, yapon kupesi alman tünerin imzasına çevrilmiş idman zolaqları ilə də bəzədilir.
Ən güclü Toyota GR Supra modeli 340 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik benzin turbomühərriki ilə təchiz olunur. Manhart mütəxəssisləri mühərrikin gücünü 450 at qüvvəsinə, fırlanma anını isə 650 Nm-ə artırmağı təklif edirlər. Bunun üçün, MHtronik Powerbox idarəetmə blokunu (və ya standart blokun proqramını yenidən yazmaq), aktiv çəpərcikləri olan və paslanmayan poladdan hazırlanmış yeni səsboğucu sistemi quraşdırmaq gərəkdir.
Səsboğucu sistemin çıxış borularını qara rəngə boyanmış və ya karbondan hazırlanmış ucluqlarla təchiz etmək olar. Bundan əlavə, müştərinin arzusu ilə, mühəndislər katalizatoru və sərt hissəciklər filtrini çıxarmağa hazırdılar. Lakin, belə dəyişikliklər bir sıra ölkələrdə avtomobilin qeydiyyata alınması ilə problemlər yarada bilər, ona görə də, sadlanan dəyişikliklər yalnız trek avtomobilləri üçün tövsiyə olunur.
Bundan başqa, avtomobilin asqı sistemi H&R firmasının yayları və xüsusi tənzimləmələri olan KW Variant 3 amortizatorları ilə təchiz edilir.
Katalizatoru çıxarılmış avtomobillər üçün ECM Deleter aldadıcı emulyatoru da təklif olunur Bundan əlavə, kruiz-kontrolun düymələri vasitəsi ilə səsboğucu sistemin çəpərciklərini idarə etmək imkan verən ECM Flap Control bloku da təkmilləşdirmələr siyahısına daxil edilib. Bu sistem start/stop və mühərrikin səsini dinamiklər vasitəsilə salona verilməsini təmin edən Active Sound Design funksiyalarını söndürür.
Vizual dekorasiya dəstinə vinil zolaqlar və aerodinamik dayağı vurğulayan qırmızı haşiyələr, cilalanmış və ya tutqun/parlaq qara rəngə boyanmış 20-düymlük təkər diskləri daxildir.