Daha çox BMW modellərinin tüninqi ilə tanınan Manhart atelyesi “bərkgedən” Audi RS5 kupesi üçün tüninq proqramını təqdim edib. Tünerlər ilk növbədə, Manhart RS 500 adlandırdıqları kupenin 2,9-litrlik V6 turbomühərrikinin üzərində işləyiblər.
Bildiyimiz kimi, Audi RS5 kupesi 450 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən mühərrikə sahibdir. Manhart mütəxəssisləri mühərrikin idarəetmə blokunun proqram təminatını yeniləyərək ona əlavə 50 at qüvvəsi və 100 Nm fırlanma anı qazandırıblar.
Təkmilləşdirmələrdən sonra 2,9-litrlik mühərrik 500 at qüvvəsinə və 700 Nm fırlanma anına sahib olub. Buna baxmayaraq, tüner yeni gücə malik olan kupenin dinamik xüsusisyyətlərini açıqlamayıb. Xatırladaq ki, standart RS5 modeli 100 km/saat sürətini 3,9 saniyəyə toplayıır və 280 km/saat maksimal sürət həddinə malikdir. Əlbəttə ki, Manhart mütəxəssisləri yalnız mühərrikin gücünün artırılması ilə kifayətlənməyiblər.
Qara rəngli kuzova malik olan kupe qızılı rəngli haşiyələrə və zolaqlara, həmçinin tutqun qara rəngli 21-düymlük Concept One təkər disklərinə sahib olub. Bundan başqa, kupe KW firmasının istehsalı olan qısaldımış hündürlüyü olan asqı sistemini və paslanmayan poladdan hazırlan səsboğucu sistemini də əldə edib.