Alman Manhart tüninq atelyesi BMW X6 M modelini ağır yolsuzluq şəraitinə uyğunlaşdırmaq üçün təkmilləşdirmələr proqramını təqdim edib. MHX6 Dirt² adını almış modelin kütləvi nümayişi Essendə keçiriləcək tüninq sərgisində baş tutacaqdır.
“Qaynar” krossoveri 900 at qüvvəsi və 1200 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 mühərriki ilə təchiz etmək təklif olunur. Təkmilləşdirilmiş mühərrik başqa turbokompressorlara, yeni porşen və sürgü qoluna, karbondan hazırlanmış giriş sisteminə və firma idman buraxılış sisteminə sahib olub.
Bundan başqa, krossover KW yayları olan hündürləşdirilmiş asqıya, gücləndirilmiş transmissiya və asqıya, daha güclü əyləclərə, şnorkelə, kuzovun daxili müdafiə karkasına, bucurqarda, damda quraşdırılan işıqdiodlarından “çilçırağa”, arxa şüşənin üzərində yerləşdirilən ehtiyat təkərinə, altlığın polad təbəqəsindən müdafiəsinə və 305/40 ölçülü BF Goodrich şinləri olan 21-düymlük təkər disklərinə malik olub.
Hələlik MHX6 Dirt² modeli konsept statusu daşıyır. Yaxın zamanlarda atelye modelin kiçik seriya ilə istehsalına başlamaq niyyətindədir. Cəmi beş belə avtomobil buraxılacaqdır. Onların hər birinin qiyməti 395 min avro olacaqdır.
Bir ofroderin inşasına 6-8 ay sərf ediləcəkdir.