Alman istehsalçılarının avtomobillərinə əsaslanan layihələri ilə tanınan Manhart tüninq atelyesi son əsərini təqdim edib. Bu dəfə almanların baxışları yeni nəsil Range Rover ofrouderinə yönəlib. Şərqi Avropadan olan və adının açıqlanmasını istəməyən VIP müştərinin sifarişi ilə, seriya modeli yeganə nüsxədə inşa edilmiş eksklüziv ofrouderə çevrilib. Tünerlər ofrouderin onsuz da dəbdəbəli olan interyerinə əlavə zəriflik bəxş etməyə çalışıblar.
BMW şirkətinin məhsulu olan 4,4-litrlik V8 mühərriki ilə təchiz edilmiş P530 versiyası 530 at qüvvəsi və 750 Nm-ə malikdir, lakin Manhart mütəxəssislərinin müdaxiləsindən sonra bu göstəricilər 650 at qüvvəsi və 900 Nm-ə qədər artırılıb. Belə nəticəni əldə etməyə Manhart MHtronik idarəetmə bloku və idman buraxılış sisteminin quraşdırılması imkan verib.
Manhart RV 650 Edition 01/01 vizual olaraq, atelye üçün ənənəvi qızıl dekorlu qara kuzovu, qızıl aksentli 24-düymlük qara Manhart Forged Line təkər diskləri, qızılla örtülmüş Range Rover emblemləri və radiator barmaqlığına quraşdırılmış LED sayrışan işıqlar ilə seçilir.
Ofrouderin salonu daha ciddi dəyişikliklərə məruz qalıb. Bütün interyer parlaq tünd qırmızı və qızılı rənglərdə olan ən incə dəri ilə üzlənib. Bundan əlavə, sükan çarxı, ön panel, mərkəzi konsol və digər yerlərdəki müxtəlif dekorativ örtmələr və elementlər üzlüklər ilə mükəmməl şəkildə ahəng təşkil etmək üçün Manhart Gold rənginə boyanıblar.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.