Keçən il Cenevrədə keçirilən avtosalonda Mansory atelyesi alman modelyeri Filipp Pleyn ilə birlikdə hazırladığı Mercedes-AMG G63 Star Trooper ofrouderini nümayiş etdirmişdi. Kamuflyaj örtüyünə və iri düymlü təkər disklərinə və nazik profilli şinlərə malik olan avtomobil ziyarətçilərin diqqətini cəlb etməyə müvəffəq olmuşdu.
Bavariya atelyesi bu il keçirilməsi planlaşdırılan, lakin koronavirusa təslim olan Cenevrə avtosalonunda Star Trooper ofrouderinin yeni versiyasını nümayiş etdirmək fikrində idi. Bu dəfə də, Mansory atelyesi eyni reseptdən istifadə edərək Mercedes-AMG G63 modelini yeni versiyasını hazırlayıb. Lakin, bu ilki “Ulduz döyüşçüsü” qarşımıza pikap kuzovu ilə çıxıb. Star Trooper Pickup Edition adlandırılmış avtomobil tünerin əvvəlki ofrouder üçün təklif etdiyi bütün yeniliklərə sahib olub. Bu yeniliklərin arasında kamuflyaj “geyimi”, 24-düymlük təkər diskləri, qırmızı rəngli işıqdiodlar və karbondan hazırlanmış elementlər vardır.
Pikapın daxili tərtibatı da beşqapılı variantla eynidir: qırmızı tikişləri və kamuflyaj aksentləri olan dəri və bədnam qırmızı rəngli ulduzlu tavan örtüyü. İki avtomobil arasındakı fərq salondakı oturacaqların sayındadır: pikap iki kresloya malikdir, arxa oturacaq cərgəsi isə, yerini yük platformasına verib.
Məlum məsələdir ki, Mansory mütəxəssisləri ofrouderin mühərrik bölümünə də müdaxilə ediblər. Yeni idarəetmə bloku və turbokompressorlar sayəsində 4,0-litrlik V8 Twin-Turbo mühərrikinin gücü 850 at qüvvəsinə, fırlanma anı isə 1000 Nm-ə qədər artırılıb.
Mansory atelyesi Star Trooper Pickup Edition modelinin qiymətini açıqlamasa da, onun ucuz olmayacağını söyləmək gərəkdir. Xatırladaq ki, Star Trooper modelinin beşqapılı versiyası keçən il 613.100 dollara satılıb. Çox güman ki, 100 dollar alıcı tərəfindən avtosalonda beh olaraq verilib.