Mansory atelyesi yeni Rolls-Royce Ghost sedanı üçün ilk tüninq dəstini hazırlayıb. Bu dəfə Mansory mütəxəssisləri özlərini çox təmkinli aparıblar. Tüner dəbdəbəli sedanın disklərini və səsboğucu sistemi dəyişdirib, eksteryerini qızılı elementlər ilə bəzəyib, salonda isə yalnız sükan çarxının yastığını yenisi əvəzləyib. Mansory Launch Edition dəstinin qiyməti açıqlanmayıb.
Mansory mütəxəssisləri əsas olaraq qara xroma, tündləşdirilmiş işıq texnikasına və narıncı rəngli salona malik olan Ghost modelini götürüblər. Baqajın qapağına kiçik karbon spoyler quraşdırılıb, kapotun tağı da eyni materialdan hazırlanıb.
Kuzovun yan tərəflərinə nazik qızıl zolaq əlavə edilib, loqotiplər və radiator barmaqlığının sol tərəfi də qızıl ilə bəzədilib.
Digər yeniliklər arasında antrasit rəngli 22-düymlük çoxqollu təkər diskləri və xüsusi sifarişlə hazırlanmış səsboğucu sistem də var. Çox güman ki, buraxılış sisteminin dəyişdirilməsi 571 at qüvvəli 6.75-litrlik V12 mühərrikinin hasilatını bir qədər artıracaqdır.
Lakin atelye nümayəndələri bu barədə danışmamaq qərarına gəliblər. Yeni Ghost modelinin salonuna toxunulmayıb - yalnız sükan yastığı dəyişdirilib. Burada Rolls-Royce emblemi yerini Mansory nişanına verib.
Çox güman ki, Rolls-Royce sedanının daha ekstremal tüninqi gələcəkdə keçiriləcəkdir - məsələn, 2010-cu ildə əvvəlki nəsil Ghost modeli Mansory tərəfindən qeyri-adi şəkildə dəyişdirilmişdi.
Mansory nadir hallarda məhsulların qiymətlərini geniş ictimaiyyətə elan edir - bir qayda olaraq, qiymət siyahısı potensial müştərilərə sorğuya əsasən göndərilir.