Alman Manthey-Racing tüninq atelyesi Porsche 911 GT3 (992) sportkarının modernizasiya edilməsi üçün nəzərdə tutulmuş dəsti təqdim edib. Bu dəstə karbon lifindən hazırlanmış aerodinamik kuzov dəsti, Manthey OM-1 diskləri, habelə asqı və əyləclərin təkmilləşdirilməsi daxildir.
Zahiri cəhətdən tüninq keçmiş GT3 sportkarını ön bamperdəki splitter və kanardlar, yeni diffuzor və antiqanad, habelə arxa disklərdəki aerodinamik qapaqlar sayəsində tanımaq olar. Tüner güc qurğusuna müdaxilə etməyib.
Asqıda dörd tənzimlənməsi olan amortizatorlar peyda olub - indi ştokun aşağı və yüksək sürətlərində sıxılma və geri qayıtma müqavimətini tənzimləmək mümkündür. Əyləc mexanizmləri hörgülü əyləc xətləri və daha davamlı qəlibləri ilə seçilirlər.
Mühərrik dəyişilməz qalıb: bu, 510 at qüvvəsi və 470 Nm fırlanma anı hasil edən 4,0-litrlik altısilindrli atmosfer oppozit mühərrikidir. Mühərrik standart olaraq 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir, lakin onu PDK “robotu” ilə də əvəz etmək olar - bunun üçün əlavə ödəniş tələb olunmur. Ötürmə, əvvəlki kimi, yalnız arxa oxadır.
Manthey-Racing atelyesinin inkişaf şöbəsinin rəhbəri Stefan Mages indiki Porsche 911 GT3 sportkarının Nürburqrinqdə əvvəlki GT3 modelindən artıq 17 saniyə yeyin olduğunu qeyd edib - 20,6 kilometrlik məsafədə yeni sportkar 6:55,34 vaxtını qeydə alıb, əvvəlki versiyanın göstəricisi isə 7:12,07-dir.
O, avtomobilin təkmilləşdirilməsinin heç də asan olmadığını bildirib, çünki tüner “avtomobilin DNT-sində çoxsaylı dəyişiklik etmədən onun performansını yaxşılaşdırmalı, eyni zamanda, sportkardan trekdə istifadə etməyi sevən müştərilər üçün cəlbedici paket hazırlamalı idi”.
Manthey-Racing atelyesinin “Şimal İlgəyinin” növbəti rekordunu qeydə alıb-almadığı barədə heç bir məlumat yoxdur. Hazırda seriya yol modelləri arasındakı rekordsmen Porsche Tequipment proqramına daxil edilmiş “rəsmi” Manthey-Racing paketi ilə təchiz edilən Porsche 911 GT2 RS (991.2) sportkarıdır.
Kupe, 6:38.835 vaxtını rəsmi olaraq qeydə alıb. Yeri gəlmişkən, alman atelyesi 2018-ci ildə ictimai istifadə yollarına buraxılan avtomobillər üçün Nürburqrinqin rekordunu qeydə alıb - 911 GT2 RS MR kupesi “Şimal İlgəyini” 6:40,33 zamanı ilə qət edib.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.