Audi avtomobillərinin dizaynı daha az aqressiv və daha dostyana olacaqdır. Bu barədə Audi markasının baş dizayneri Mark Lixte “Top Gear” nəşrinə verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, stilistlər komandası gələcək modellərin görünüşünü bir qədər yumşaltmaq üzərində işləyir - buna misal olaraq, Lixte xarici görünüşündə "heç bir izafilik və aqressivlik olmayan" Activesphere konseptini göstərib. Dizayner bunu müasir dünyada onsuz da kifayət qədər aqressiya və qəddarlığın olması ilə izah edib.

Dizaynın yaradılmasına yanaşma da dəyişəcəkdir: əvvəlcə interyer, sonra isə kuzov yaradılacaqdır. Bundan əlavə, konstruktiv planda daha çevik olan elektromobillərə keçid, dizaynerlərə daha geniş yaradıcılıq imkanları verəcəkdir. İnqolştadt istehsalçısının planlarına görə, sonuncu daxili yanma mühərriki olan Audi avtomobili 2025-ci ildə debüt etməli, 2026-cı ildən isə, şirkət əsas diqqətini elektromobillərə yönəltməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lixtenin qeyd etdiyi Activesphere konsepti 2023-cü ilin yanvarında təqdim edilib: bu, pikapa çevrilə bilən kross-kupe silueti olan transformerdir. O, maili damı və yüksək klirensi olan axıntılı kuzova, habelə hərəkət edən seqmentləri olan 22-düymlük təkər disklərinə malikdir: onlar yolsuzluqda hərəkət zamanı havalandırma üçün açılır, asfaltda isə optimal aerodinamikanı təmin etmək üçün bağlanırlar.

Activesphere konsepti "sferik" seriyanın dördüncü üzvüdür: ondan əvvəl Audi şirkəti Skysphere rodsterini, dördqapılı Grandsphere kupesini və Urbansphere minivenini nümayiş etdirmişdi. Onların hər biri alman brendinin müxtəlif seqment və siniflərdən olan avtomobillər üçün firma dizayn üslubunun inkişaf istiqamətini nümayiş etdirir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.