Audi şirkətinin baş dizayneri Mark Lixte üç modelin yeni nəslinin eskizlərini təqdim etmişdir. Bunlar Audi A7 Sportback, Audi A6 və Audi A8 sedanlarıdır. Eskizdə hər üç modelin ön hissəsi nümayiş etdirilmişdir.
Avtomobillər öndən oxşar görünsələr də, əslində müəyyən fərqlərə malikdirlər. Belə ki, hər bir modelin radiator barmaqlısı və gündüz hərəkət işıqları özünəməxsus forması ilə seçilirlər. Bundan başqa, avtomobillərin ön bamperləri də tərtibatına görə fərqlənirlər.
Fənərlərin yerləşməsində də müəyyən fərqlər mövcuddur . Misal üçün, Audi A8 modelində fənərlər radiator barmaqlığına çox yaxın yerləşdirilsələr də, A7 Sportback və A6 modelində fənərlər və radiator barmaqlığı arasında kiçik məsafə vardır.
Lixte A8 modelinin kuzovunda digər iki modelə nisbətən xrom elementlərin çox olacağını qeyd etmişdir.
Audi A7 Sportback modelində isə xrom elementlərdən ümumiyyətlə istifadə edilməyəcəkdirlər. Onların əvəzinə qara işləmələrdən istifadə ediləcəkdir.
Bu modellərdən ilkin olaraq A8 bayraqdar sedanı debüt edəcəkdir. Modelin onlayn təqdimatı bu ilin yayında keçiriləcəkdir. Onun kütləvi təqdimatı isə sentyabrda Frankfurtda keçiriləcək avtosalonda baş tutacaqdır.
A6 və A7 Sportback modelləri isə 2018-ci ildə təqdim ediləcəkdirlər.