Honda komandasının pilotu Mark Markes Le Manda keçirilən Fransa Qran Prisinin qalibi olub. Pouldan start alan ispan pilot ilk yeri qorusa da, dərhal rəqiblərindən uzaqlaşa bilməyib. Bir neçə dövrədən sonra, yarışa üçüncü yerdən başlamış Cek Miller Merkesə yaxınlaşıb və hətta onu keçməyə də müvəffəq olub.
Lakin, qüvvədə olan dünya çempionu liderliyi geri qaytararaq rəqiblərindən uzaqlaşmağı bacarıb. O, ən yaxın rəqibindən dörd saniyəlik fərq yaradıb. Liderin ardında isə podiumun qalan pillələri uğrunda ciddi mübarizə gedib. Yarışı ikinci yerdə davam etdirən Cek Miller əvvəlcə Andrea Dovitsiozo, sonra isə Danilo Petruççi tərəfindən keçirlib.
Yarışın sonuna yaxın Petruççi tempi artırıb Dovitsiozoya yaxınlaşsa da, Ducati komandasından olan həmkarını keçə bilməyib. İki Ducati pilotu podiumu tamamlayıb. Onların ardınca Cek Miller və Valentino Rossi finiş xəttini keçiblər. İlk onluqda Pol Esperqaro, Franko Morbidelli, Fabio Quartararo, Kel Kratçlou və Aleks Rins yer alıblar.