Mark Markes Zeksenrinqdə keçirilən Almaniya Qran Prisində qalib gələrək, MotoGP çempionatındakı üstünlüyünü möhkəmləndirib. İspan pilot Almaniyada yeddi dəfə ardıcıl olaraq qələbə qazanıb. O, yarış boyu vəziyyətə nəzarət edib və son dövrələrdə ən yaxın təqibçisi ilə yeddi saniyəlik aralıq yaradıb.
Suzuki pilotu Aleks Rinsin yıxılması Maverik Vinyalesə yarışı ikinci bitirmək şansı verib. Aleks il dövrədə ikinciliyə yüksələrək, yarışın üçdə ikisinə qədər bu mövqeyini qoruyub-saxlayıb. Lakin, yarışın bitməsinə 12 dövrə qalmış səhvə yol verən Suzuki pilotu 11-ci döngədə trekdən çıxıb. Baykı zədə almış Rins yarışa qayıda bilməyib. Nəticədə, yarışı üçüncü yerdə davam etdirən Vinyales ikinciliyə yüksəlib. İlk üçlüyü Kel Kratçlou tamamlayıb. Kəl son dövrələrdə Maverikə çatsa da, onu keçə bilməyib.
Dördüncü və beşinci yerləri Ducati pilotları Danilo Petruççi və Andrea Dovitsiozo bölüşdürüblər. Zədəli əllə yarışan Danilo son dövrədə komanda yoldaşını keçməyə müvəffəq olub. İlk onluğa Cek Miller (Ducati), Xoan Mir (Suzuki), Valentino Rossi, Franko Morbidelli (hər ikisi – Yamaha) və Ştefan Bradl (Honda) daxil olmağı bacarıblar.