MotoGP çempionatının San Marino Qran Prisi Mark Markes və Fabio Kuartararonun qələbə uğrunda mübarizəsi ilə yadda qalıb. Kuartararo uzun müddət yarışa başçılıq etsə də, Markes son döngədə italyan pilotu keçərək növbəti qələbəni aktivinə yazdırıb.
Yarışın son dövrələrində qüvvədə olan dünya çempionunun rəqibindən sürətli olduğu nəzərə çarpırdı. Bununla belə, Markes liderliyə yüksəlməyə o qədər də tələsməyib. Yalnız son dövrədə o rəqibini küərək liderliyə yüksəlib. Lakin, Fabionun təslim olmayıb və hücuma keçərək liderliyi geri qaytara bilib.
Buna baxmayaraq, Markes son döngədə həmlə edərək, bu gün hər kəsdən güclü olduğunu bir daha sübut edib. O ikinci dəfə Kuartararonu keçərək, gənc rəqibini ilk qələbəsini qazanmaq şansından məhrum edib. Bu qələbə Markesin bu mövsümdəki 7-ci, karyerasında isə, 51-ci qələbəsi olub. Premyer sinifindəki əldə etdiyi 89-cu podium, ona bu göstəriciyə görə əfsanəvi Cakomo Aqostinini keçməyə imkan verib. Yeri gəlmişkən, 15-qat dünya çempionu yarışı Yamaha-nın komanda körpüsündən izləyib.
Poulun sahibi olan Maverik Vinyales bir neçə dövrə liderlik etsə də, sonradan hər iki rəqibini irəli buraxıb və yarışı üçüncü olaraq bitirib. Dördüncü yerdə isə, yerli azarkeşlərin kumiri Valentino Rossi finiş görüb. Bu yer uğrunda mübarizədə Rossi uzun müddət Franko Morbidellinin müqavimətini qırmaqla məşğul olub. Beləliklə, ilk beşlikdə dörd Yamaha pilotu finiş görüb.
Ümumi birincilikdə ikinci yer tutan Andrea Dovitsiozo Morbidellini qabaqlaya bilməyib və yarışı altıncı olaraq bitirib. Sıralama sessiyasında sensasiyaya imza atan Pol Esperqaro yarışı yeddinci olaraq bitirib. İlk onluğu Xoan Mir, Cek Miller və Danilo Petruççi tamamlayıb.