Bu gün Brənds Hətçda keciriləcək ilk yarışın təsnifat mərhələsinin qalibi Marko Vittmann (BMW) olub. Münhen təmsilçisi poulu son dəqiqədə Rene Rastdan almağa müvəffəq olub.
Brənds Hətçdəki havanın qeyri-sabit keçməsi təsnifat mərhələsini hadisələrlə bol edib. Sıralamaların başlanğıcında WRT komandasının hər iki pilotu Pyetro Fittipaldi və Conatan Aberdin idarəetməni itirərək, avtomobillərini müdafiə baryerlərinə çırpıblar. Zədələnmiş avtomobillərin təxliyyəsini və baryerlərin bərpasını təmin etmək üçün sıralama qırmızı bayraqla dayandırılıb.
Sıralama sessiyası bərpa olunduqdan sonra, uzun müddət protokola Aston Martin pilotu Ceyk Dennis başçılıq edib. Lakin, trekin quruması ilə sürətlər də artmağa başlayıb. Dennisi ilk sıradan uzaqlaşdıran pilot onun həmyerlisi Ceymi Qrin (Audi) olub. Lakin, Qrin də tezliklə liderlikdən olub. Bu dəfə Rene Rast sürətli dövrələr vuraraq bir müddət liderliyi əlində saxlayıb.
Lakin, sıralama sessiyasının son dəqiqəsində cin şüşdən çıxan kimi, Marko Vittmann ortaya çıxaraq poulu Rastın əlindən alıb. Üçünçü nəticəni Loik Dyüval (Audi) qeydə alıb. Pol di Resta (Aston Martin) möhtəşəm pilotaj Nümayiş etdirərək dördüncü nəticəni göstərib. İlk beşliyi Robin Frayns Audi) tamamlayıb. Şeldon van der Linde, Ceyk Dennis, Niko Müller, Timo Qlok və Daniel Hunkadelya ilk onluğa daxil olmağı bacarıblar.