BMW komandasının alman pilotu Marko Vittmann yeni mövsümün ilk yarışının qalibi olub. Yeni turboeranın ilk qələbəsi uğrunda mübarizə BMW və Audi pilotları arasında gedib. Qələbəyə iddialı olan Rene Rastı yalnız texniki nasazlıq bu mübarizədən kənar qoyub.
Yarış yağışlı hava şəraitində başlasa da, hakimlər DTM-də qəbul edilmiş yerindən start prosedurundan imtina etməyiblər. Yarışı pouldan başlayan Vittmann əla start alan Robin Freyns (Audi) tərəfindən keçilib. Startda Timo Qlok və Rene Rast təmas yaşasalar da, bu hadisə kütləvi qəzaya gətirib-çıxarmayıb. Üçüncü yerdən start alan Pol di Resta isə geriləyib - Aston Martin Vantage DTM hələlik Audi və BMW ilə mübarizə aparmaq iqtidarında deyil. Yarışın ortasında di Resta ilk onluğun sonunda mübarizə aparıb.
İlk yarışdan kənarqalmanı da Aston Martin komandasının pilotu Ferdinand fon Habsburq qeydə alıb - o startdan bir neçə dövrə sonra mühərriklə yaşanan problem ucbatından boksa qayıtmalı olub. 18-ci dövrədə Pol di Resta da komanda yoldaşına qoşulub.
Liderliyə yüksələn Robin Freyns isə tempi itirərək digər pilotlara keçirlib. Liderliyə yenidən Vittmann yüksəlib. Onu ilk zamanlarda Mayk Rokkenfeller və Rene Rast təqib edib. Lakin, Rast komanda yoldaşından yeyin olduğuna görə, onu keçməyə müvəffəq olub və Vittmanna təzyiq göstərməyə başlayıb. Yağışın kəsməsindən sonra quruyan trekdə Rast Vittmanna maksimal dərəcədə yaxınlaşıb və onu sıxışdırmağa başlayıb.
Hər iki lider öz pit-stoplarını son dövrələrə saxlaytıblar. Bu pit-stop qələbənin taleyini həll etməli idi. Lakin, finişə beş dövrə qalmış ötürmələr qutusu ilə problem yaşayan Rast avtomobilini trekin kənarında park etməli olub. Bundan sonra Vittmanna rahat şəkildə finiş xəttini keçmək qalıb. Alma pilota podiumda Audi pilotları Mayk Rokkenfeller və Robin Freyns yoldaşlıq ediblər.
Debütanatlar arasında ən uğurlu çıxış edən Şeldon van der Linde olub. O yarışı altıncı olaraq bitirib. Finiş xəttini keçməyə müvəffəq olan R-Motorsport nümayəndələri Daniel Xunkadelya (9-cu) və Ceyk Dennis (11-ci). Emerson Fittipaldinin oğlu Pyetro da debüt yarışında bir xal eldə edib.