Maserati markası özünün avtomobil idmanındakı 95 illik yubileyini qeyd etmək üçün Levante və Ghibli modellərinin F Tributo adlı xüsusi seriyasını hazırlayıb. Xüsusi buraxılışın adındakı F hərfi Formula 1 çempionatının əfsanəvi pilotu Xuan Manuel Fanxionun xatirəsinə həsr edilib - 1957-ci ildə argentinalı Maserati avtomobilində çıxış edərək çempion titulunu qazanıb.
Xüsusi seriyanın debüt vaxtı təsadüfən seçilməyib, çünki düz 95 il əvvəl, 25 aprel 1926-cı il tarixində Tipo26 idman avtomobilini idarə edən Alfieri Mazerati öz sinifində Targa Florio yarışında qalib gəlib.
Levante krossoverinin qırmızı Rosante Tributo rəngi italyan yarış komandalarının qırmızı bolidlərini təcəssüm edir, Ghibli sedanının mavi Azzurro Tributo rəngi isə markanın tarixi vətəni olan Modena şəhərinin bayrağını xatırladır.
Modena bayrağı sarı-mavi rəngdə olduğundan, bu rəngli əlavələrsiz ötüşməyib: F Tributo avtomobillərinin əyləc supportları və 21-düymlük antrasit rəngli təkər disklərinin haşiyələri sarı rəngə boyanıb. Salonda da parlaq tikişlərdən istifadə edilib: qara dərini qırmızı və ya sarı tikişlərlə bəzəmək olar.
Yubiley “avtoidman” xəttinin digər əlamətləri arxa dayaqlardakı kuzov rənginə boyanmış Maserati loqotipləri və ön qanadlardakı hava girişlərinin üstündəki qara rəngli “F Tributo” yazılarıdır. Xüsusi seriyadan olan atomobillərin texniki hissəsi barədə heç bir məlumat verilmir. Bu, texniki hissədə dəyişikliklərin olmadığına işarə edir.
Maserati F Tributo seriyasından olan avtomobillərin kütləvi təqdimatı Şanxay avtosalonunda keçirilib. Ancaq görünən odur ki, parlaq Levante və Ghibli modelləri təkcə Çində satılmayacaqlar. Maserati şirkətinin avtomobil idmanındakı keçmişini xatırladan dekor üçün nə qədər pul ödəməyin gərək olduğu barədə hələlik məlumat verilməyib.