Maserati 110 illik yubileyini GranTurismo Folgore elektrokarının xüsusi versiyasının buraxılışı ilə qeyd edəcək. Yubiley kupesi GranTurismo 110 Anniversario adlanacaq və iki versiyada təklif olunacaq: Rame Folgore və Blu Inchiostro. Onların hər biri 55 nüsxədə istehsal olunacaq və adi GranTurismo kupesindən kuzovun mis rəngli aksentləri, cins və ya Econyl adlı sintetik material ilə üzlənmiş interyeri və arxa dam dayaqlarındakı xüsusi loqotiplər ilə fərqlənəcəklər.
Güc qurğusu dəyişməz qalacaq. GranTurismo Folgore modelinin güc qurğusu ümumilikdə 762 at qüvvəsi və 1350 Nm fırlanma anı hasil edən üç elektrik mühərrikindən və 92,5 kilovat-saat tutumlu 800 voltluq batareyadan ibarətdir. Elektromobil 100 km/saata 2,7 saniyəyə sürətlənir, maksimal sürət isə, 320 km/saatdır. Kupe dolu batareya ilə 450 kilometr məsafə qət edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.