Bu ayın ilk günlərində təqdim edilmiş Maserati markasının ilk krossoveri olan Levante modeli haqqında ətraflı məlumat vermişik. Hətta, bu avtomobil barədə dərc etdiyimiz ilk xəbərdə, Levante modelinin benzin və dizel mühərrikləri ilə yanaşı, hibrid güc aqreqatı ilə təchiz ediləcəyi barədə mülahizə də yürütmüşdük. Lakin, Cenevrədəki təqdimat mərasimində yeni krossoverin ancaq 3,0-litrlik iki benzin və bir dizel güc aqreqatları ilə təchiz eiləcəyi elan olunmuşdur. Bu günlərdə italyan şirkətinin rəhbəri Harald Uester MotorTrend nəşrinə verdiyi müsahibədə Maserati Levante modelinin hibrid güc aqreqatı ilə təchiz ediləcəyini bildirmişdir.
Uesterin söylədiyinə görə, yeni krossoverin mühərrik qammasına Chrysler Pacifica miniveni üçün hazırlanan hibrid güc aqreqatı da daxil ediləcəkdir. O bu barədə belə izahat verib: «Hibrid güc aqreqatının yaradılmasını nəzərdə tutan ayrıca proqramın qəbul edilməsi bizim üçün özünəqəsd olardı. Ona görə də, biz FCA alyansına daxil olan tərəfdaşlarımıza mühaciət etdik».
Chrysler Pacifica modelinin hibrid güc aqreqatının tərkibinə 248 at qüvvəsi olan altı silindirli mühərrik, elektromotor, doqquz pilləli «avtomat» və 16 kilovatt-saat tutumu olan batareyalar dəsti daxildir. Yalnız elektrik mühərrikindən istifadə etməklə avtomobil 48 kilometr məsafə qət etmək iqtidarındadır. Hibrid aqreqatlı miniven 100 kilometrə 3,5 litr yanacaq sərf edir.
Hal-hazırda Maserati Levante «Avro-6» standartlarına cavab verən benzin və dizel mühərrikləri ilə təchiz edilir. Bunlar, 350 və 430 at qüvvəsi gücü olan 3,0-litrlik V6 benzin mühərrikləri və 275 at qüvvəli dizel güc aqreqatıdır. Bütün mühərriklər 8-pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışır.
Bundan əlavə krossover intellektual tam çəkiş sistemi və özüqapanan differensial ilə təchiz edilir.
Top variantın maksimal sürəti 264 km/saat təşkil edir. Avtomobil 100 km/saat həddinə 5,2 saniyəyə çatır.
Maserati Levante modelinin Cenevrə avtosalonundakı təqdimat mərasimi