Maserati şirkəti mart ayında baş tutacaq Cenevrə avtomobil sərgisində, italyan markasının ilk krossoveri olacaq, Levante modelini təqdim etmək niyyətindədir. Bunun təsdiqi olaraq italyan şirkətinin mətbuat xidməti avtomobilin ilk tizerini yayıb. Bir müddət əvvəl biz yeni krossoverin kamuflyaj edilmiş prototipinin fotoşəkillərini dərc etmişdik. Maserati Levante italyan markası üçün böyük əhəmiyyət kəsb edən modellərindən biridir. Bu modelin hazırlıqlarını tez başa çatdırmaq üçün italyanlar, hətta, Alfieri modelinin istehsalını 2018-ci ilə keçirmək məcburiyyətində qalmışdılar.
Tizerdən də göründüyü kimi, yeni krossover italyan markasına xas olan aqressiv cizgilərə malikdir. Avtomobilin radiator barmaqlığının forması və LED işıqları olan qiyğacı gözləri qarşımızda məhz Maserati avomobilinin durduğuna işarə edir.
Hal-hazırda Maserati şirkəti istehsal etdiyi modellər üçün çox da geniş olmayan mühərrik çeşidi təklif edir. Lakin, Maserati Levante modeli üçün nəzərdə tutulan mühərriklərin sayı bir qədər çox olacaqdır. İlkin olaraq, mühərrik qammasına 345 at qüvvəli V6 güc aqreqatı daxil ediləcəkdir. Bundan sonrakı sırada 419 at qüvvəli V6-mühərriki yer alacaqdır. Krossoverin top variantı isə 529 at qüvvəli V8 mühərriki ilə təchiz ediləcəkdir.
Dizel aşiqləri üçün üç müxtəlif gücü - 246, 271 və 335 at qüvvəsi olan dizel mühərrikləri təklif ediləcəkdir. Bir qədər sonra avtomobilin ekologiya dostu olan hibrid güc aqreqatı ilə təchiz edilmiş variantı da təqdim ediləcəkdir. Özü də bu hibrid məişət elektrik şəbəkəsindən qidalanmaq imkanına malik olacaqdır.