Maserati şirkəti Levante krossoverinin, bayraqdar modeli olan Quattroporte sedanından alınmış səkkiz silindirli mühərriklə təchiz edilmiş prototipini hazırlamışdır. Bu barədə məlumatı, Autoblog nəşri italyan markasının avtomobillər bölümünün rəhbəri David Danesinə istinadən yaymışdır. Maserati şirkətinin yüksək vəzifəli menecerinin bildirdiyinə görə, italyan mühəndisləri avtomobilin tam çəkiş sisteminin 523 at qüvvəsi və 710 Nm fırlanma anı olan 3,8-litrlik V8 mühərriki ilə uyğunlaşmasının şahidi olmuşdurlar.
Bununla belə, Danesin Porsche Cayenne Turbo və Range Rover Sport SVR modelləri ilə rəqabət apara biləcək avtomobil haqqında əlavə məlumat verməkdən imtina etmişdir. İtalyan markasının ilk krossoveri olan Levante modelinin ilk kütləvi nümayişi bu ilin mart ayında keçirilmiş Cenevrə avtosalonunda baş tutmuşdu. Yeni krossover Ghibli və Quattroporte modellərində istifadə edilən platformada yığılmışdır.
Maserati avtomobili öndə ikiqat köndələn qollu, arxada isə çoxqollu asqı ilə təchiz etmişdir. Yeni avtomobil elektronika ilə idarə edilən amortozatorları olan pnevmatik asqı ilə də təchiz edəcəkdir. Bu asqı klirensi beş quraşdırılmış rejimdə dəyişə bilir.
Maserati şirkəti Levante modelini «Avro-6» standartlarına cavab verən benzin və dizel mühərrikləri ilə təchiz edir. Avtomobil 350 və 430 at qüvvəsi gücü olan 3,0-litrlik V6 benzin mühərriklərii ilə hərəkətə gəlir. 350 at qüvvəli avtomobil 100 km/saat həddini toplamağa 6,3 saniyə, 430 at qüvvəli variant isə 5,2 saniyə sərf edir. Top-variantın maksimal sürəti 264 km/saat təşkil edir.
Bundan əlavə, Maserati Levante 275 at qüvvəli dizel mühərriki ilə də təchiz olunur. Bu mühərrik 100 km/saat sürətini 6,9 saniyəyə toplayır və 230 km/saat maksimal sürətə malikdir. Bütün mühərriklər 8-pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışır. Bundan əlavə krossover intellektual tam çəkiş sistemi və özüqapanan differensial ilə təchiz edilir.
Güman edilir ki, Maserati Levante nəinki italyan istehsalçısının ilk krossoveri, o həmçinin, Maserati markasının ilk hibrid avtomobili olacaqdır. Bir müddət bundan əvvəl Levante modelinin Chrysler Pacifica modeli üçün hazırlanan hibrid güc aqreqatını əldə edəcəyi barədə xəbər yayılmışdı.
Chrysler Pacifica modelinin hibrid güc aqreqatının tərkibinə 248 at qüvvəsi olan altı silindirli mühərrik, elektromotor, doqquz pilləli «avtomat» və 16 kilovatt-saat tutumu olan batareyalar dəsti daxildir.
Yalnız elektrik mühərrikindən istifadə etməklə avtomobil 48 kilometr məsafə qət etmək iqtidarındadır. Hibrid aqreqatlı miniven 100 kilometrə 3,5 litr yanacaq sərf edir.