Maserati şirkəti rəsmi olaraq yenilənmiş Quattroporte sedanını təqdim etmişdir. Yenilənmiş avtomobilin eksteryeri və interyeri cüzi dəyişikliklərə məruz qalmışdır. Restaylinq keçmiş Maserati Quattroporte sedanının satışlarına artıq start verilmişdir. Üç il ərzində lyuks sedan 72 ölkədə 24 minlik tirajla satılmışdır. İtalyan istehsalçı həyat dövrünü ortalamış sedanın eksteryer və interyerini bir qədər təzələmək qərarına gəlmişdir. Maserati'nin Quattroporte modelini restaylinq edəcəyi barədə məlumat ilk dəfə keçən ilin dekabrında səslənmişdir. Elə həmin vaxtda avtomobilin kamuflyaj edilmiş prototipləri cəsusları fotokameralarının obyektivlərinə tuş gəlmişdi.
Yenilənmiş Masreti Qutroporte tutqun qara rəngli işləmələri olan yeni ön və arxa bamperi, formasına yenidən baxılmış hava girişlərini, şaquli xrom elementləri olan radiator barmaqlığını, yan arxa görüntü güzgülərinin yeni korpuslarını , həmçinin 20 və 21 düymlük yeni təkər disklərini əldə etmişdir.
Bundan əlavə, şirkət mühəndisləri avtomobildə mühərrikin optimal temperaturuna nəzarət etmək imkanı verən təkmilləşdirilmiş elektriklə idarə edilən hava çəpərini də quraşdırmışdırlar. Əlavə olaraq, yenilənmiş sedanın aerodinamik müqavimətinin əmsalı 10 faiz yaxşılaşdırılmışdır.

Maserati Quattroporte modelinin salonunda yenilənmiş mərkəzi paneli, 8,4-düymlük sensorlu ekranı olan və Apple CarPlay ilə Android Auto əlavələrini dəstəkləyən multimedia sistemini aşkar etmək mümkündür.
Bundan başqa, avtomobil yenilənmiş klimat-kontrol sistemini də əldə etmişdir.
Yenilənmiş sedan tərkibinə adaptiv kruiz-kontrol, və bir sıra aktiv təhlükəsizlik sistemlərinin daxil olduğu yeni sürücüyə yardım sistemləri dəsti ilə təchiz edilmişdir.
Maserati şirkətinin mətbuat xidmətinin bildirdiyinə görə, sedan iki yeni modifikasiyada – Quattroporte GTS GranSport və Quattroporte GranLusso variantlarında təklif ediləcəkdir.

Sedanın top-variantının kapotunun altında 530 at qüvvəsi gücü olan 3,8-litrlik iki turbokompressorlu V8 mühərriki yerləşmişdir. Bu avtomobilin maksimal sürəti 310 km/saat təşkil edir. Quttroporte modelinin mühərrik çeşiidnə 3,0-litrlik benzin və dizek güc aqreqatları da daxil edilmişdir. Benzin mühərriklər 350 və 410 at qüvvəsi, dizel güc aqreqatları isə, 250 və 275 at qüvvəsi təklif edirlər. Bütün mühərriklər səkkiz pilləli ZF firmasının istehsalı olan avtomatik sürətlər qutusu ilə birgə çalışırlar.