Maserati şirkəti mart ayında baş tutacaq Cenevrə avtomobil sərgisində, italyan markasının ilk krossoveri olacaq, Levante modelini təqdim etmək niyyətindədir. Motor1.com saytının verdiyi məlumata görə, artıq krossoverin son testləri başa çatmaq üzrədir. Bu barədə xəbər verən sayt, gələcək krossoverin kamuflyaj edilmiş prototipinin fotoşəkillərini də dərc etmişdir. Maserati Levante italyan markası üçün böyük əhəmiyyət kəsb edən modellərindən biridir. Bu modelin hazırlıqlarını tez başa çatdırmaq üçün italyanlar, hətta, Alfieri modelinin istehsalını 2018-ci ilə keçirmək məcburiyyətində qalmışdılar.
Təsvirlərdən göründüyü kimi, avtomobil mükəmməl formalı ön fənərlərə, gözə çarpan radiator barmaqlığına və idman xassəli ön bamperə malik olacaqdır. Avtomobilə yan tərəfdən baxdıqda isə, yüksələn pəncərə xəttini, güclü arxa qanadı və damin kamuflyajın gizlətməyə çalışdığı maili xəttini görə bilərik. Arxa tərəfə gəldikdə isə, buraxılış sisteminin dörd ədəd çıxış borusunu və dördkünc arxa fənərləri müşahidə edə bilərik.
Hazırki Maserati modelləri geniş mühərrik çeşidi ilə təklif edliməsə də, Levante modeli üçün nəzərdə tutulan mühərriklərin sayı bir qədər çox olacaqdır. İlkin olaraq, mühərrik qammasına 345 at qüvvəli V6 güc aqreqatı daxil ediləcəkdir. Bundan sonrakı sırada 419 at qüvvəli V6-mühərriki yer alacaqdır. Krossoverin top variantı isə 529 at qüvvəli V8 mühərriki ilə təchiz ediləcəkdir.
Dizel aşiqləri üçün üç müxtəlif gücü - 246, 271 və 335 at qüvvəsi olan dizel mühərrikləri təklif ediləcəkdir. Bir qədər sonra avtomobilin ekologiya dostu olan hibrid güc aqreqatı ilə təchiz edilmiş variantı da təqdim ediləcəkdir. Özü də bu hibrid məişət elektrik şəbəkəsindən qidalanmaq imkanına malik olacaqdır.