2022-ci ilin oktyabrında Maserati çoxsaylı tizerlərdən sonra yeni nəsil GranTurismo idman avtomobilinin xarici görünüşünü rəsmi olaraq açıqlayaraq eksteryerin şəkilləri ilə yanaşı, modelin texniki xüsusiyyətləri haqqında da məlumat vermişdi. Bu günlərdə isə, italyan istehsalçısı yeni kupenin interyeri üzərindəki sirr pərdəsini qaldırıb. Bundan əlavə, kupenin hər üç versiyası üçün nəzərdə tutulmuş tərtibat variantları da nümayiş etdirilib. Dizayn və təchizat baxımından Gran Turismo modelinin interyeri yeni Maserati Grecale krossoveri ilə unifikasiya edilib.
Yeni kupe daha premial avtomobil kimi mövqeləndirildiyi üçün interyerdə daha bahalı tərtibat materiallarından və daha dəbli dekordan istifadə olunur. Məsələn, qapılarda və ön paneldəki dəri üzlüklərin sahəsi artırılıb, üçqollu sükan çarxı mühərriki işə salmaq düyməsini və güc qurğusunun iş rejimlərini dəyişdirən açarı alıb.
Avtomobil 12,2-düymlük rəqəmsal cihazlar paneli, multimedia sisteminin 12,3-düymlük sensor ekranı və ikinci dərəcəli funksiyalarını idarə etmək üçün nəzərdə tutulmuş 8,8-düymlük sensor ekran ilə təchiz olunur. Maraqlıdır ki, ənənəvi Maserati saatı ön panelin mərkəzində quraşdırılıb, lakin o, analoq siferblat deyil, xronometrə bənzədilmiş başqa bir ekrandır.
Versiyalar dekor ilə də fərqlənirlər. 490 at qüvvəli Modena üçün ağacdan dekorativ panelləri olan bej və qara rəng sxemi seçilib, eyni 3,0-litrlik V6 benzin turbomühərrikinin 550 at qüvvəli versiyasına malik olan Trofeo versiyasının salonu isə, qırmızı aksentli qara dəri üzlənib və karbon dekora sahib olub. Folgore adlanan 750 at qüvvəli elektrik versiyası isə, ağ və mavi üzlüklərə, habelə rəqəmsal cihazlar panelinin və multimedianın xüsusi tərtibatına malikdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.