Maserati şirkətinin MC20 adlı yeni sportkarı hazırladığı barədə məlumat vermişdik. Yeni sportkara olan marağı artırmaq üçün Maserati nümayəndələri maraqlı üsula əl atıblar. Onlar ortamühərrikli sportkarın prototipini Milandakı Affari meydanında, Murisio Kattelananın qalmaqallı L.O.V.E. heykəlinin fonunda çəkiblər. Şəkillər italyan markasının Instagram sosial şəbəkəsindəki hesabında dərc edilib. Avtomobil hərəkətdə olduğu üçün, əksər şəkillərdə onun silueti görünür.
Maserati MC20 modeli 2004-cü ildə debüt etmiş ortamühərrikli MC12 superkarının varisi olacaqdır. Şayiələrə görə, avtomobil hazırda Maserati mühəndislərinin hazırladığı V6 mühərrikini alacaqdır. Bundan əlavə, 2021-ci ilə qədər modelin rodster kuzovlu versiyası və daha sonra isə, tamölçülü elektrokar göstərilə bilər.
Gələcək idman avtomobilinin testlərindən ilk görüntülər ötən ilin noyabrında ortaaya çxımışdılar. O zaman, şirkət yollara Alfa Romeo 4C kimi maskalanmış prototipi buraxmışdı. Bununla belə, eksteryer dizaynındakı bəzi elementlərin seriya versiyasına köçürülməsi də mümkündür.
Maserati MC12 sportkarı 2004-cü ildən 2005-ci ilədək cəmi iki il ərzində istehsal olunubdur. Avtomobil Ferrari Enzo platformasında inşa edilmiş və 6,0-litrlik V12 mühərrikini də ondan almışdı. MC12 modelinin buraxılış tirajı 62 nüsxədən ibarət olub. Onlardan 50 nüsxəsi ümumi yollar, 12 ədədi isə trek üçün hazırlanmışdı .Ortamühərrikli idman avtomobili uzun 37 illik fasilədən sonra şirkətin avtoidmana qayıtmasına kömək etmişdi. Yəqin ki, MC20 modeli də bənzər missiyanı yerinə yetirmək üçün yaradılıbdır, çünki Maserati yenidən yarışlara qayıtmağı planlaşdırır.