Tesla şirkətinin başçısı İlon Mask pilotsuz avtomobillərin 241 km/saat sürətlə hərəkət edə biləcəyi eksperimental tuneli nümayiş etdirib. The Loop adını almış nəqliyyat sisteminin yaradılmasında Maska məxsus olan The Boring Company firması iştirak edib.
Təcrübə tunelinin uzunluğu 1,82 kilometr, diametri isə 3,7 metr təşkil edir. Tunel, SpaceX və The Boring Company şirkətlərinin mənzil-qərargahları yerləşən Hotorn rayonunda (Los Anceles) başlayır. Xətt Qərbi 120-ci küçə boyu davam edərək Maskın firmasının bir müddət bundan öncə aldığı özəl rezidensiyanın ərazisində bitir.
Elektrokarlar tuneldə altlarına bağlanan xüsusi bərkitmələr vasitəsi ilə hərəkət edirlər. Bu bərkitmələr yüksək sürətlərdə sabitliyi təmin edərək avtomobili «relslərdə» saxlayır. Gələcəkdə avtomobili idarə etmək avtopilota həvalə olunacaqdır. Sınaqlarda avtomobili insan idarə edib. Elektrokar tuneldə 75 km/saat sürətlə hərəkət edib.
Maskın sözlərinə görə, elektrokarlar tuneldə 177 km/saat sürəti ilə hərəkət edə bilərlər, lakin nümayiş zamanı sürəti xüsusi olaraq məhdudlaşdırıblar. Gələcəkdə tuneldən avtopilot sistemi ilə təchiz edilmiş istənilən markadan olan avtomobillərin sahibləri istifadə edə bilərlər. The Loop sisteminin kommersiya variantı dörd min avtomobilə xidmət göstərə biləcəkdir.
Los Ancelesdə yüksək sürətli yeraltı magistralların yaradılması layihəsinin Masl bu ilin yazında təqdim edib. İşadamının düşüncəsinə görə, The Loop şəhərin yeni nəqliyyat sisteminin bir hissəsi olmalıdır. Avtomobillərdən başqa tunellərdə 16 yerlik avtonom kapsulalar da hərəkət edə biləcəklər. Şəhərin mərkəzindən hava limanına gediş səkkiz dəqiqə çəkəcək və bir dollara başa gələcəkdir.