Mazda şirkətinin Böyük Britaniya bölməsinin satış direktoru Laura Breyli brendin kimliyinin artıq MX-5 Miata rodsterindən əvvəlki qədər asılı olmadığını bildirib. Onun sözlərinə görə, Mazda-nın genişlənən SUV modelləri, xüsusilə CX-5 krossoveri, markanın daha geniş auditoriya tərəfindən tanınmasına imkan yaradıb.
“Auto Express” nəşrinə müsahibəsində Breyli şirkətin Miata olmadan gələcəyini təsəvvür edib-etmədiyi barədə suala qısa cavab verib: “Bəli, tamamilə”. O, MX-5-in Mazda-nın ümumi model çeşidində satış həcminin nisbətən aşağı olduğunu da vurğulayıb.
Bununla belə, bu açıqlama modelin istehsalının dayandırılacağı anlamına gəlmir. Mazda-nın hazırkı, dördüncü nəsil MX-5-i yaxın zamanda istehsaldan çıxarmaq planı yoxdur. Əsas sual isə gələcək nəsil rodsterin hansı güc qurğusu ilə təchiz ediləcəyidir. Onun hazırlanması üzərində çalışmaların aparıldığı bildirilsə də, təqdimat tarixi hələlik müəyyənləşdirilməyib.
Mazda UK-nin icraçı direktoru Ceremi Tomson növbəti MX-5-in hibrid güc qurğusu ilə təchiz oluna biləcəyinə işarə edib. O, 2030-cu ildən sonrakı dövrdə elektrikləşmənin bütün avtomobillərdə müəyyən formada tətbiqinin qaçılmaz olduğunu bildirib.
Mazda daha əvvəl tam elektrikli Miata-ya ciddi tələbat görmədiyini açıqlamışdı. Həvəskarların əsas istəyi avtomobilin hazırkı düsturunu qorumasıdır: aşağı çəki, mexaniki ötürmələr qutusu, arxa ötürmə və atmosfer mühərriki.
1989-cu ildə debüt edən Mazda MX-5 Miata bu günə qədər dörd nəsil dəyişib və ümumilikdə 1,2 milyon nüsxədən çox satılıb. O, dünyanın ən çox satılan iki yerlik idman rodsteri hesab olunur. Mazda artıq brendin kimliyini yalnız MX-5 ilə əlaqələndirməsə də, model şirkətin yüngül konstruksiyaya, sürücülük zövqünə və idman avtomobili ənənələrinə sadiqliyini təcəssüm etdirir.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









