Əvvəllər Mazda BT-50 pikapı Ford Ranger modelinin yaxın qohumu olub, lakin 2020-ci ildən başlayaraq, o, Isuzu D-Max pikapının Mazda brendi altında buraxılan versiyasına çevrilib. Bir il əvvəl orijinal D-Max genişmiqyaslı planlaşdırılmış yenilənmədən keçib, lakin Mazda daha da irəli gedib və BT-50 üçün iki restaylinq variantını hazırlayıb.
Birinci variant yazda Taylandda təqdim olunub və yenilənmənin cüzi xarakter daşıdığı ortaya çıxıb. İndi isə, Mazda BT-50 modeli üçün ən vacib bazar olan Avstraliya üçün nəzərdə tutulmuş ikinci variant nümayiş etdirilib. Bu pikapdakı dəyişikliklər daha çoxdur.
Pikap, yeni ön faraları və bamperı, habelə dəyişdirilmiş radiator barmaqlığına malik olan tamamilə yenidən işlənmiş ön hissəyə sahib olub. Qeyd etmək gərəkdir ki, radiator barmaqlığı nəhəng korporativ loqotipi ilə öyünə bilər.
Eksteryer tərtibatının yenidən nəzərdən keçirilməsi Kodo korporativ üslubunun təkamülünə uyğun olaraq aparılıb ki, bu da pikapı müasir Mazda avtomobillərinə daha çox bənzəməsinə xidmət edir. Təkər tağlarının genişləndiriciləri daha iri olublar, arxa tərəfdə isə, dəyişdirilmiş fənərlər və bamper quraşdırılıb.
Buradakı korporativ loqotip də böyüdülüb. Bundan əlavə, palitraya üç yeni kuzov rəngi əlavə edilib və yüngül lehimli təkər disklərin dizaynı yenidən işlənib. Bununla belə, indiyədək yalnız iki cərgəli kabini olan üst versiyanın şəkilləri dərc edilib, BT-50 isə, bir və biryarımlıq kabini olan daha sadə variantları da saxlayacaq.
İnteryerdəki əsas yenilik, qohum Isuzu D-Max pikapında olduğu kimi, mərkəzində yeddi düymlük rəngli ekran, yan tərəflərdə isə, şkalalara malik olan yeni cihazlar panelidir.
7,0 və ya 9,0 düymlük ekrana (konfiqurasiyadan asılı olaraq), habelə Android Auto və Apple CarPlay simsiz protokollarını dəstəkləyən media sistemi artıq bu ilin yazında peyda olub.
Üstəlik, pikap USB-C konnektorlarını da alıb. Arxa görüntü kamerasında indi su qaytaran örtüyü olan obyektiv var, ekranda əks olunan görüntü üzərində isə, dinamik işarələmə xətləri çəkilib.
İstehsalçı ön panel və qapılarda təkmilləşdirilmiş tərtibat keyfiyyətini vəd edir, zəngin təchizat səviyyələrində isə, qara və qəhvəyi dəri üzlüklər arasında seçim təklif olunur. Nəhayət, pikap genişləndirilmiş elektron sürücü köməkçiləri dəstini alıb.
Yenilənmə Mazda BT-50 pikapına texniki dəyişikliklər gətirməyib. O, əvvəlki kimi, iki Isuzu turbodizeli ilə təklif olunur. 1,9-litrlik aqreqat (150 at qüvvəsi, 350 Nm) əsas mühərrik olaraq qalır, lakin Avstraliyada onu yalnız arxa ötürməli ən sadə versiyalarda quraşdırırlar.
İkinci variant 3,0-litrlik dördsilindrli yük mühərrikidir (190 at qüvvəsi, 450 Nm). Hər iki mühərrik altı pilləli mexaniki və ya Aisin firmasının avtomatik transmissiyası ilə birləşdirilir. Tam ötürmə sistemi ön oxun sərt qoşulmasına, azaldıcı ötürməyə və arxa differensial kilidinə malidir.
Yenilənmiş Mazda BT-50 pikapı 2025-ci ilin birinci rübündə Avstraliya dilerlərinə çatdırılacaq. Lakin şirkət hələ ki, digər bazarlar üçün bu restaylinqi elan etməyib. Bu qəribədir, çünki bütün BT-50 modelləri Taylanddakı eyni Isuzu zavodunda istehsal olunurlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.