Mazda şirkəti işinə başlamış Pekin avtosalonunda CX-4 kupe-krossoverini rəsmi olaraq təqdim etmişdir. İlk zamanlarda Mazda CX-4 modeli ancaq Çin bazarında satılacaqdır. Lakin, yapon şirkətinin nümayəndələri bir müddətdən sonra avtomobilin digər bazarlarda da satılacağını istisna etmirlər. Yeni avtomobil Mazda CX-5 krossoverinin bazasında yaradılmışdır. Avtomobil McPherson tipli ön və çoxqollu arxa asqı ilə təchiz edilmişdir. Bununla belə, avtomobilin asqısının geometriyası dəyişdirilmişdir ki, bu dəyişikliklərin də əsas səbəbi, komfortu artırmaqla yanaşı, idarəetməni də yaxşılaşdırmaqdır.
Mazda CX-4 krossoverinin qabarit uzunluğu 4633 millimetr, eni - 1840 millimetr, hündürlüyü isə 1530 millimetr təşkil edir. yeni avtomobilin təkər bazası 2700 millimetrə bərabərdir. Beləliklə, Mazda CX-4 modeli donor model olan CX-5 krossoverindən 78 millimetr uzun və 130 millimetr alçaqdır. Yeni avtomobilin digər ölçüləri CX-5 modeli ilə eynidir. Mazda CX-4 krossoverinin klirensi 196 millimetr təşkil edir ki, bu da Mazda CX-5 modelində olduğundan 14 millimetr aşağıdır.
Avtomobilin baqaj bölməsinin həcmi 400 litr təşkil edir ki, 60:40 nisbətində açıla bilən arxa cərgənin qatlanması halında bu rəqəm 1228 litrə qədər artır.
Mazda CX-4 kupe-krossoverinin mühərrik çeşidinə SkyActive ailəsindən olan i2,0 və 2,5-litrlik iki dörd silindirli benzin mühərriki daxildir. 2,0-litrlik mühərrikin gücü 157 at qüvvəsi, 2,5-litrlik mühərrikin gücü isə 191 at qüvvəsi təşkil edir. 157 at qüvvəli güc aqreqatı altı pilləli mexaniki və ya altı diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışa bilər. Ən güclü mühərrik isə yalnız «avtomat» qutu ilə təchiz edilir.
Krossover i-ACTIV AWD birləşən tam ötürməli çəkiş sistemi və i-ELOOP adlı kinetik enerjinin rekuperasiya sistemi ilə təchiz edilir. Sonuncu sistem tormozlama zamanı enerjini yığaraq kondisionerin, audio sistemin və işıq texnikasının qidalandırılmasına yönəldir.
Avtomobilin təchizatına 17-düymülük təkər diskləri, proyeksiya displeyi, USB çıxışı, Bluetooth funksiyası və naviqasiyası olan MZD Connect multimedia sistemi və digər təhlükəsizlik sistemləri dazildir. Avtomobilin top variantı 19-düymlük təkər diskləri ilə də təchiz edilə bilər.
Sonunculara misal olaraq kor zonalara nəzarət və arxaya hərəkət zamanı perpendikulyar gedən avtomobillər barədə xəbərdarlıq edən sistemi göstərmək olar.