Bu gün Mazda şirkətinin mətbuat xidməti, yapon istehsalçısının yeni krossoveri olan CX-4 modelinin rəsmi təqdim ediləcəyi tarix və məkan barədə məlumat yaymışdır. Mətbuat xidmətinin bəyanatından aydın olur ki, kamuflyajsiz cəsus şəkilləri bir neçə gün bundan əvvəl internetdə yayılan Mazda CX-4 modeli aprel ayının 25 tarixində Pekində keçiriləcək avtomobil sərgisində nümayiş etdiriləcəkdir. Sözlərinin təsdiqi olaraq, mətbuat xidməti avtomobilin arxa hissəsinin tizerini də dərc etmişdir.
Bundan əlavə, yapon istehsalçı yeni krossoverin SkyActive texnologiyalarının «tam çeşidi» ilə təchiz ediləcəyini və avtomobilin eksteryerinin və interyerinin Mazda markasının bugünkü dizayn üslubu olan KODO - Soul of Motion üslubunda hazırlandığını bildirmişdir. Mətbuat xidməti bununla kifayətlənərək əlavə məlumat dərc etməmişdir.
Bildiyimiz kimi, Mazda CX-4 krossoverinin ilk kamuflyajsız fotoşəkilləri bu ilin yanvarında internetdə yayımlanmışdır. Bir neçə gün bundan əvvəl isə, çinli cəsuslar, avtomobilin interyeri də daxil olmaqla, yeni fotoşəkillərini dərc etmişdilər. Söylənilənlərə görə, yeni krossover Mazda CX-5 modelindən tanış olan 2,0-litrlik və CX-3 modelindən alınmış 1,5-litrlik mühərriklərlə təchiz ediləcəkdir.
Yeni krossoverin carçısının keçən il Frankfurt avtosalonunda nümayiş etdirilmiş Koreu konseptinin olduğu söylənilir. Konseptin qabarit uzunluğu 4600 millimetr, eni - 1900 millimetr, hündürlüyü isə 1500 millimetr təşkil edirdi.