İspaniyanın Coche Spias portalı yeni Mazda CX-50 krossoveri barədə məlumatı dərc edib. İnsayderlərin bildirdiyinə görə, krossover Mazda CX-5 modelinin varisi olacaq, uzununa yerləşən mühərriki olan arxaötürməli platformada inşa ediləcəkdir. Yeni krossoverin mühərrik çeşidi dörd və altı silindrli mühərriklərdən ibarət olacaqdır.

Texniki cəhətdən yeni Mazda CX-50 krossoveri dördüncü nəsil Mazda6 sedanına yaxın olacaq və hər iki model Large Architecture modul platformasına əsaslanacaqdır. Baza təchizatlı krossover arxaötürməli olacaq, daha bahalı versiyalar isə, ön oxu qoşan çoxdiskli muftası olan tam ötürmə sistemini əldə edəcəkdirlər.

Mazda CX-50 modelinin hazırki CX-5 krossoverindən əhəmiyyətli dərəcədə böyük olacağı və Lexus NX krossoveri ilə rəqabətə girişəcəyi gözlənilir. Buna görə də, yeni model daha güclü mühərrikləri alacaqdır. Krossover üçün baza güc qurğusu, 48-voltluq hibrid əlavəyə malik olan və 190 at qüvvəsi (270 Nm) hasil edən 2,5-litrlik SkyActiv-G benzin mühərriki, və yaxud, 190 at qüvvəsi və 450 Nm fırlanma anı təklif edən 2,2-litrlik SkyActiv-D dizel aqreqatı ola bilər.

Bundan başqa, CX-50 modelinin mühərrik çeşidinə 230 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2,5-litrlik SkyActiv-G benzin turbomühərriki daxil ediləcəkdir. Modelin top versiyaları altısilindrli mühərriklər ilə təklif olunacaqdırlar. Bahalı Mazda CX-50 modelləri SkyActiv-X xəttindən olan, 285 at qüvvəsi və 340 Nm fırlanma anı hasil edən 3,0-litrlik benzin mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu, həmçinin 285 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 3,3-litrlik turbodizel ilə təchiz ediləcəkdirlər.

Mənbə CX-50 modelinin transmissiyası haqqında məlumat vermir, lakin altısilindrli mühərriklərin yeni 8-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz olunacaqlarını gözləmək olar.

Mazda şirkəti məlumat sızıntısına reaksiya verməyib. Yaponiya mətbuatı şirkətin diqqətinin yeni qlobal platformanın və mühərriklərin yaradılması üzərində cəmləşdiyini iddia edir. Eyni zamanda, yapon istehsalçısının yaxın iki il ərzində yeni məhsullardan imtina edəcəyi bildirilib.

Çox güman ki, yeni arxaötürməli platformada inşa edilən ilk avtomobil yeni nəsil Mazda6 sedanı olacaqdır. Krossover isə, sedanın debütdən sonra yeniləyəcəkdır. Bu minvalla, Mazda CX-50 modeli yalnız 2023-cü ildən sonra debüt edə bilər.

Mənbə: Cochespais.net