CX-5 krossoveri Mazda şirkətinin ən vacib modellərindən biridir: 13 il ərzində iki nəsildən ibarət olan 4,5 milyondan çox avtomobil satılıb, üstəlik, bu model yüzdən çox ölkədə təklif olunur. Əvvəllər CX-5 modelinin tədricən bir qədər daha böyük olan Mazda CX-50 krossoveri ilə əvəz edilməsi planlaşdırılsa da, Mazda CX-5 modeli istehsal xəttindəki öz yerini qoruyub və növbəti üçüncü nəslə keçib. Yeni krossoverin premyerası Avropada baş tutub.

Əgər birinci və ikinci nəsildən olan avtomobillər demək olar ki, eyni ölçülərə malik olan bir avtomobilin müxtəlifl variantları idisə, "üçüncü" Mazda CX-5 nəzərəçarpacaq dərəcədə böyüyüb. Onun təkər bazası 115 millimetr uzadılaraq 2815 millimetrə çatdırılıb.

Bu artım avtomobilin uzunluğuna da təsir göstərib – indi CX-5 modelinin uzunluğu 4690 millimetrə çatır. Bundan əlavə, krossover sələfindən 15 millimetr enli (1860 millimetr) və 20 millimetr hündürdür (1695 millimetr). 17-19 düymlük təkər diskləri təklif olunur.

Kuzovun silueti tanış olaraq qalır, lakin qapı girişləri indi daha genişdir, baqajın yükləmə hündürlüyü isə, 18 millimetr azaldılıb. Arxa cərgə daha geniş olub, lakin baqaj bölməsi də bu artımdan öz nəsibini alıb: pərdənin altındakı həcm 522-dən 583 litrə qədər artıb.

İkinci cərgənin qatlanması halında (onlar 40:20:40 nisbətində bölünür) isə, baqaj bölməsinin tutumu 2019 litr ( əvvəlki modeldə 1638 litr) təşkil edir.

İnteryer tərtibatında Mazda dizaynerləri müasir tendensiyalara keçiblər ki, bu da markanın tanınmasını ciddi dərəcədə azaldıb. Hətta sükan çarxında artıq emblemin əvəzinə sadəcə “Mazda” yazısı var.

Cihazlar paneli tamamilə virtualdır (10,25 düym), klimat-kontrolun idarə edilməsi tamamilə media sisteminin menyusuna köçürülüb. Sonuncu 12,9 və ya 15,6 düymlük (təchizatdan asılı olaraq) ekrana malik ola bilər.

Bu dəyişikliklərin fonunda ənənəvi transmissiyanın selektoru möcüzəvi şəkildə yerini qoruyub saxlayıb. Ön oturacaqlar əvvəlkindən bir qədər yüksəkdə quraşdırılıblar. Seçimlər arasında panoram dam, proyeksiya displeyi və Bose audio sistemi (bazadakı səkkiz dinamik əvəzinə on iki) var. Naviqasiya da daxil olmaqla quraşdırılmış Google xidmətləri var.

Köndələn mühərrikli Skyactiv platforması əvvəlkidir, lakin modernləşdirilib. Öndə McPherson dayaqları, arxada isə, çoxqollu asma qorunub saxlanılıb, lakin yaylar, amortizatorlar və stabilizatorlar yenidir.

Avropada satılacaq debüt versiyasında e-Skyactive G 2.5 güc qurğusu quraşdırılıb. Onun tərkibinə 13:1 sıxılma nisbəti olan gücü azaldılmış 2,5-litrlik (141 at qüvvəsi, 238 Nm) atmosfer mühərriki və Mazda M Hybrid "mülayim hibrid" üstqurumu daxildir.

Sonuncu 7 at  qüvvəsi və 48 Nm hasil edən 24 voltluq startyor-generatordur və hərəkətə başlayan zaman daxili yanma mühərrikinə kömək edir. Üstqurum 0,22 kilovat/saatlıq litium-ion batareyasından qidalanır.

Yeganə ötürmələr qutusu Mazda şirkətinin altı pilləli Skyactiv-Drive avtomatik transmissiyasıdır. Ön və tam ötürmə arasında seçim təklif olunur. Ancaq hətta baza krossoveri sələfindən demək olar ki, iki yüz kiloqram ağır alınıb: ən azı 1629 kiloqram! Ön ötürməli versiya 100 km/saata 10,5 saniyəyə, tam ötürməli isə, 10,9 saniyəyə sürətlənir. Maksimal sürət 195 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çoxdan vəd edilən yeni nəsil Skyactiv-Z benzin mühərriki hələlik hazır deyil. O, Mazda CX-5 modelində yalnız 2027-ci ildə, üstəlik, tamölçülü hibrid sisteminin bir hissəsi kimi quraşdırılacaq. Bu arada, "yumşaq" hibridlər əsas Avropa bazarlarına 2025-ci ilin sonunda çıxmalıdırlar. Yeni modelin Almaniyadakı təxmini başlanğıc qiyməti 35 min avro təşkil etməlidir. Yeni Mazda CX-5 krossoveri Yaponiya və Amerika bazarlarında 2026-cı ildə peyda olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.