Yeni Mazda CX-60 krossoveri ötən ilin yazında debüt edib və tədricən yeni modifikasiyalara sahib olur. Modelin əsas versiyası tərkibinə 2,5-litrlik dördsilindrli atmosfer mühərriki və elektromotor daxil olan 327 at qüvvəli plagin hibrid modifikasiyasıdır.

Bundan başqa, krossoverin mühərrik çeşidinə elektrik üstqurumu olmayan 2,5-litrlik aqreqat (188 at qüvvəsi və 250 Nm), habelə 3,3-litrlik sıralı altısilindrli Skyactiv-D turbodizeli (200, 231 və ya 254 at qüvvəli) daxildir. Yeri gəlmişkən, ən güclü variant 48-voltluq M Hybrid Boost startyor-generatoru ilə təchiz edilir.

İlkin olaraq, yapon istehsalçısının planlarında altısilindrlıi benzin mühərriki də nəzərdə tutulub, lakin ötrüməli kompressora, habelə qığılcım alışdırması və sıxılmanı birləşdirən unikal SPCCI (Spark Controlled Compression Ignition) işləmə prosesinə malik olan qabaqcıl 3,0 litrlik e-Skyactiv X mühərriki hələlik hazır deyil.

Belə mühərriklə təchiz edilmiş  Mazda CX-60 modeli təxminən bir ildən sonra peyda olmalıdır. Yeni mühərrik əsasən Avropa və Yaponiya bazarlarında satılacaq avtomobillərdə quraşdırılacaqdır. Hələlik isə, ənənəvi alışdırma sistemi olan başqa bir mühərrik hazırdır.

Həcmi 3,3 litr olan yeni sıralı e-Skyactiv G “turboaltılığı” analoji dizel mühərriki ilə maksimum dərəcədə unifikasiya edilib. O, birbaşa yanacaq püskürdülməsinə malikdir və 284 at qüvvəsi (450 Nm) hasil edir.

Transmissiya CX-60 modelinin digər modifikasiyalarındakı ilə eynidir: bu, hidrotransformatorun əvəzinə əvəzinə yaş muftası olan səkkiz pilləli avtomatik ötürmələr qutusudur. Tam ötürmə sistemi ön oxu qoşma muftasına malikdir.

Belə mühərriklə təchiz edilmiş Mazda CX-60 modeli Avstraliya və Yeni Zelandiya bazarlarında peyda olacaqdır. Belə versiyanın digər ölkələrdə satılması ehtimalı çox azdır. Sonradan 3,3-litrlik benzin mühərriki Amerikada satılacaq CX-70 və CX-90 modellərində quraşdırılacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.