2017-ci ildən buraxılan Mazda CX-8 krossoveri bizə yaxşı tanış olan CX-5 modelinin uzadılmiş versiyasıdır. CX-5 modelini CX-8 krossoverinə çevrilməsi üçün onun təkər bazasını 230 millimetr (2930 millimetrə qədər), ümumi uzunluğunu isə 350 millimetr (4900 millimetrə qədər) artırıblar. Məlum məsələdir ki, salonda artıq iki deyil, üç oturacaq cərgəsi var. İlkin olaraq, Mazda CX-8 modeli tamölçülü CX-9 modeli satılmayan Yaponiya bazarı üçün nəzərdə tutulsa da, sonradan onu Çin, Avstraliya və Cənub-Şərqi Asiyada da satmağa başlayıblar. İndi isə, yenilənmiş CX-8 krossoveri Yaponiyada debüt edib.
Qeyd etmək gərəkdir ki, yaponlar sürprizsiz ötüşüblər: CX-8 modelinin yenilənməsi bir il bundan əvvəl restaylinqdən keçmiş CX-5 modeli ilə eyni ssenari üzrə aparılıb. Krossover yeni ön fənərlərə (iki dəyirmi bölmənin imitasiyası ilə), digər arxa fənərlərə və dəyişdirilmiş bamperlərə sahib olub. Üstəlik, ön bamperdən "artıq" qara əlavələr yoxa çıxıblar - bamper vizual olaraq daha təmiz olub. Əvvəllər yalnız top versiya üçün təklif edilən “zəncirli” radiator barmaqlığı indi bütün krossoverlərdə quraşdırılır. Adaptiv ön fənərlərin proqram təminatı da təkmilləşdirılıb.
Üslub paketləri dəsti də genişləndirilib. Yeni Grand Journey versiyası səyahət həvəskarları üçün nəzərdə tutulub və gümüşü dekoru ilə seçilir. Qara rəngli eksteryer tərtibatı isə, Sports Appearance (parlaq) və Black Tone Edition (mat) versiyalarına xasdır. Exclusive Mode top versiyasında olan krossover (oturacaqların nappa dərisindən üzlənməsi, ikinci sırada elektriklə tənizmlənən və aralarında konsol olan fərdi oturacaqlar) isə, indi kuzov rəngində xarici dəstə malikdir.
Salon demək olar ki, dəyişməyib, amma ön oturacaqlar indi yeni içliyə və optimallaşdırılmış profilə malikdirlər. Tərtibat materialları dəstinə yenidən baxılıb. 10,25-düymlük genişformatlı ekranı olan media sistemi artıq Apple CarPlay tətbiqini simsiz dəstəkləyir. Bununla belə, avtomobilin şassi də təkmilləşdirilib: yeni yaylar və amortizatorlar peyda olub, alt çərçivələrin sərtliyi artırılıb.
Mühərrik çeşidində yenilik yoxdur. Mazda CX-8 modeli Yaponiyada 190 at qüvvəli 2,5-litrlik atmosfer mühərriki, onun 230 at qüvvəli turboversiyası və 200 at qüvvəli 2,2-litrlik turbodizel ilə təklif edilir. Bütün versiyalar optimallaşdırılmış tənzimləmələri olan altı pilləli "avtomat" ilə təchiz olunurlar. Ötürmə - ön oxa və tam ola bilər, lakin Grand Journey versiyasının standart təchizatına 4x4 transmissiyası və Off-Road hərəkət rejimi də daxildir.
Yenilənmiş Mazda CX-8 krossoverlərinin Yaponiya bazarındakı satışlarına cari ilin sonunda başlanmalıdır. Daxili bazarda qiymətlər 20 400 dollardan başlayır. Xatırladaq ki, Yaponiyada CX-5 modelinin qiyməti 18 800 dollardan başlayır. Ən güclü turbomühərriki olan Exclusive Mode top versiyası üçün isə, yerli dilerlər 34 400 dollar tələb edəcəklər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.