Mazda şirkətinin Şimali Amerikadakı ofisi pərəstiş obyektinə çevrilmiş MX-5 Miata rodsterinin xüsusi yubiley versiyasını təqdim edib. MX-5 Miata modelinin 35 yaşı tamam olur, odur ki, onun pərəstişkarları üçün 35th Anniversary prefiksli rodster hazırlanıb.
Yubiley versiyası tünd qırmızı “metallik” rənginə boyanmış kuzovu (CX-90 modelinə istinad), bej rəngli qatlanan damı və solğun qəhvəyi interyeri ilə öyünə bilər. İnteryerin tərtibatında əsl nappa dərisindən istifadə olunur. Avtomobil kuzov rəngində olan spoyler, seriya nömrəsi (1-dən 300-ə qədər) həkk edilmiş nişan, 17-düymlük təkər diskləri və Grand Touring versiyasındakına bənzər təchizatla çatdırılır.
Yubiley versiyasının təchizatına qızdırılan oturacaqlar, Bose audiosistemi, Apple CarPlay və Android Auto dəstəyi, Amazon Alexa səs köməkçisi və 8,8-düymlük displeydə əks etdirilən naviqasiya sistemi daxildir. Bütün bunlar minimal rahatlıq üçün lazımdır, lakin idarəetməyə birbaşa təsir göstərən dəyişikliklər də var. Onların arasında adi Miata üçün opsional avadanlıq sayılan yüksəldilmiş sürtünməli asimmetrik differensial, dayaqları gücləndirən çubuqlar və dinamik idarəetmə üçün yenidən sazlanmış Bilstein amortizatorları var.
Rodsterin kapotunun altında 184 at qüvvəsi və 205 Nm fırlanma anı hasil edən Skyactiv-G 2.0 atmosfer mühərriki yerləşir. Transmissiya - yalnız altı pilləli mexaniki ötürmələr qutusudur. Yubiley versiyası 36 250 dollara qiymətləndirilib, başlanğıc səviyyəli MX-5 Miata Sport isə, cəmi 29 330 dollara başa gələcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.