Pərəstiş obyektinə çevrilmiş Mazda MX-5 rodsterinin dördüncü nəsli (1989-cu ildən 1,2 milyondan çox avtomobil buraxılıb) səkkiz ildir ki, istehsal olunur və 2018-ci ildə ilk yüngül yenilənmədən keçib. İndi ikiyerli avtomobil daha bir modernləşməyə məruz qalıb: doğrudur, bu hələlik Yaponiya bazarında Mazda Roadster adı altında satılan modelə aiddir.
Rodster ikinci yüngül yenilənmə çərçivəsində tam LED işıqlandırma texnikasını əldə edib. Gündüz hərəkət işıqları bamperdən əsas fənər bloklarına keçirilib. Nömrə nişanının solunda, radiator barmaqlığında radar yerləşdirilib – nəhayət MX-5 adaptiv kruiz kontrola sahib olub!
Təkər disklərinin dizaynına da yenidən baxılıb və rəng palitrasına yeni Aero Grey Metallic çaları əlavə edilib. İnteryer faktiki olaraq dəyişməz qalıb, lakin burada çoxdan gözlənilən bir yenilik var – multimedia sisteminin kiçik monitoru öz yerini ən son proqram təminatı ilə təchiz edilmiş yeni 8,8 düymlük ekrana verib. Multimedia sisteminin idarə edilməsinə cavabdeh olan şayba öz yerindədir.
Texniki dəyişikliklər də var. 1,5-litrlik baza mühərrikinin gücü 4 at qüvvəsi artaraq 132 at qüvvəsinə bərabər olub. Lakin bu artım yalnız yüksək oktanlı benzindən istifadə zamanı əlçatandır. 2,0-litrlik mühərrikin gücü dəyişməyib - 184 at qüvvəsi. Əvvəlki kimi, iki transmissiyadan seçim etmək olar - altı pilləli avtomatik və mexaniki ötürmələr qutusu.
Üçpedallı rodsterlər indi sürətlənmə və əyləcləmə zamanı müxtəlif dərəcəli kilidlənməni təmin edən yeni məhdud sürtünməli differensiala malikdirlər. Qaz pedalına reaksiya da yaxşılaşdırılıb, stabilizasiya sistemi isə, elektronikanın praktiki olaraq idarəetmə prosesinə müdaxilə etmədiyi xüsusi Track rejimi peyda olub. Bütün MX-5 rodsterlərinin elektrik sükan gücləndiricisini yenidən sazlayıblar: Mazda sükan çarxında daha təmiz və başa düşülən reaktiv gücü vəd edir.
Yaponiyada yenilənmiş rodsterlər yanvarın ortalarında satışa çıxarılacaqlar. Oxşar dəyişikliklərin tezliklə digər bazarlar üçün nəzərdə tutulmuş versiyalarda da tətbiq ediləcəyi şübhəsizdir. Modernləşdirmə ilə yanaşı, rodsterin qiyməti nəzərəçarpacaq dərəcədə artıb - orta hesabla 200-250 min yen (2 290 - 2 860 manat). 1,5 mühərrikli yenilənmiş MX-5 rodsterinin satış qiyməti 2 milyon 900 min yendən (33 200 manat) başlayıır. 2,0-litrlik modifikasiya isə ən azı 3 milyon 796 min yenə (43 450 manata ) başa gələcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.