Mazda şirkəti Nyu-York avtomobil salonunda yeni modeli nümayiş etdirəcəyini bəyan etmişdir. Bu barədə yapon istehsalçısının mətbuat xidməti xəbər yaymışdır. Söylənənlərə görə, yapon şirkəti Nyu-Yorkda Mazda MX-5 rodsterinin sərt dam örtüyü ilə təchiz edilmiş variantını təqdim edəcəkdir. Avtomobil sələfinə nisbətən daha yığcam və yüngül çəkisi olan qatlanma mexanizmi ilə təchiz olunacaqdır. İstənilən halda yeni avtomobil 1050 kiloqram çəkisi olan yumşaq dam örtüyü olan rodsterdən ağır olacaqdır.
Xatırladaq ki, əvvəlki nəsil Mazda MX-5 modelinin sərt dami 34 kiloqram çəkiyə malik idi və elektrik ötürməli mexanizmlə açılıb-bağlanırdı. Yeni nəsil Mazda MX-5 rodsteri 2014-cü ildə debüt etmişdir. Avtomobil yeni platformada istehsal edildiyi üçün sələfindən 100 kiloqram yüngüldür. Bununla belə, rodsterin çəkisi oxlar arasında ideal şəkildə bölünmüşdür. Mazda MX-5 modeli 131 at qüvvəli 1,5-litrlik və 160 at qüvvəli 2,0-litrlik SkyActive ailəsindən olan mühərriklərlə təchiz edilir.
Keçən il keçirilmiş Nyu-York avtosalonunda Mazda şirkəti MX-5 rodsterinin «qaynar» variantını nümayiş etdirmişdir. «Qaynar» rodsterin təchizatına özüqapanan differensial, Bilstein amortizatorları, Brembo əyləc mexanizmləri, xüsusi dayaq, ön splitter və arxa spoylerl daxil edilmişdir.