Mazda şirkəti sonuncu RX-8 modelinin konveyerdən çıxdığı 2012-ci ildən bəri rotor mühərrikli avtomobilləri istehsal etməyib. İndi isə, rotor-porşenli mühərrik hibrid güc qurğusunun tərkib hissəsi kimi geri qayıdır. Brüsseldə, 17,8 kilovat-saatlıq batareyanı doldurmaq üçün enerji hasil edən rotor mühərriki olan Mazda MX-30 e-Skyactiv R-EV hibridinin debütü baş tutub.
Batareya isə, öz növbəsində, avtomobili hərəkətə gətirən elektrik mühərrikini qidalandırır. Sırf elektrik enerjisi ilə avtomobil 85 kilometr yol qət edir, ümumi yürüş məsafəsi isə 600 kilometr təşkil edir. Elan edilmiş yanacaq sərfiyyatı bir litrdir.
Məlum məsələdir ki, Wankel mühərrikinin həm üstünlükləri, həm də mənfi cəhətləri var. Məhz ikinci cəhət avtoistehsalçıların belə mühərriklə hərəkətə gələn avtomobillərin buraxılmasından imtina etmələrinə səbəb olub.
Onun müsbət cəhətləri - yığcam ölçü və güc xarakterisyikaları, mənfi cəhətləri isə yanacaq sərfiyyatı, işlənmiş qazların yüksək zəhərlilik səviyyəsi və mühərrikin uzun olmayan ömürüdür.
Mazda ən uzun müddət rotor mühərrikli avtomobilləri istehsal edən şirkətlərdən biridir – yapon markasının ən son rotorlu model buraxılışı on il bundan əvvəl dayandırılmış Mazda RX-8 idman avtomobili olub.
O, hətta bir vaxtlar Yaponiyada "İlin mühərriki" kimi tanınan 1,3-litrlik ikibölməli rotor mühərriklə təchiz edilib. Lakin 2000-ci illərin ortalarında məlum olub ki, bu aqreqatı Avro-5 ekoloji standartına uyğunlaşdırmaq mümkün deyil və ona görə də RX-8 sportkarı onunla birlikdə təqaüdə göndərilib.
O vaxtdan bəri, rotor mühərrikinin seriya istehsalının bərpa olunacağı ilə bağlı vaxtaşırı şayiələr yayılsa da, bu şaiyələr 2019-cu ildə rəsmi təsdiqini tapıb: Mazda onun yaradılmasına başlayıb. Nəticədə 2020-ci ildən satılan yığcam MX-30 krossoverinin yeni modifikasiyası peyda olub.
Mazda 75 at qüvvəli 830 kubluq rotor mühərrikini modelin benzin-elektrik qurğusuna inteqrasiya edib. Bu, eyni anda bir neçə problemi həll etməyə imkan verib: birincisi, MX-30 əsasən elektrik ötürməsi ilə hərəkət etdiyi üçün mühərrikin ömrünü artırmaq, ikincisi, 100 kilometrə olan yanacaq sərfiyyatını bir litrə qədər azaltmaq mümkün olub.
Avtomobilin ekoloji cəhətdən təmiz olması üçün işlənmiş qazların regenerasiyası sistemi və hissəcik filtrindən istifadə edilib.
Pasport üzrə MX-30 e-Skyactiv R-EV modeli 166 at qüvvəli (260 Nm) güc qurğusuna malikdir və yerindən ilk “yüzlüyə” 9,1 saniyəyə sürətlənir, maksimal sürəti isə 140 km/saat həddində məhdudlaşdırılıb. Rotorlu hibridin karbon qazı emissiyası hər kilometrə 21 qram təşkil edir. Halbuki, e-Skyactiv-G mühərriki və startyor-generatoru olan krossoverdə bu göstərici 150 qramdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.