Yapon brendin Amerika filialının rəhbəri Tom Donnelli “Automotive News” nəşrinə verdiyi müsahibədə, yeni Mazda CX-70 modelinin istehsalına və satışına 2024-cü ildə başlanacağını bildirib. İlkin olaraq, modelin təqdimatı, istehsalının başlanması və sifarişlərin qəbulu bu ilə planlaşdırılmışdı. Gecikmənin səbəbləri barədə məlumat verilmir, lakin Mazda CX-70 haqqında yeni detallar ortaya çıxıb: söhbət 5,1-metrlik hibrid krossoverdən gedir.
Mazda şirkətindən CX-70 modelinin böyük CX-90 krossoveri ilə eyni kuzova, lakin iki oturacaq cərgəsinə malik olacağını bildiriblər. Əsas fərq daxili quruluş ilə məhdudlaşacaq. Yeni model üçün elektrikləşdirilmiş güc qurğusu da bəyan edilib: çox güman ki, söhbət 2,5-litrlik mühərrikə əsaslanan plagin hibrid güc qurğusundan gedir.
Mazda CX-90 və CX-70 modellərinin unifikasiyası, hər iki modelin uzununa yerləşən mühərriki olan perspektivli arxa ötürməli platformanı bölüşdüklərindən xəbər verir. Mazda CX-70 üçün əsas bazar Şimali Amerika olacaq. Ümumiyyətlə, Mazda krossoverlərə böyük ümidlər bəsləyir: 2025-ci ilə qədər illik satış göstəricisi yarım milyon ədədə çatmalıdır, halbuki bu il söhbət cəmi 350 min krossoverdən gedir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.